Putin Rusiyanın yeni silahı haqda danışdı - şərh
Rusiya Prezidenti Vladimir Putin hipersəs raketlərini dünyada analoqu olmayan silah növü adlandırdı.
SəhərAzəri sputnik-ə istinadla xəbər verir, Putin deyib: "Hipersəs silahına qarşı müdafiə vasitəsi bizdə o zaman peyda olacaq ki, dünyanın aparıcı ölkələri həmin silahın özünü yarada biləcəklər”.
O əlavə edib: "Bu cür silah hazır olanda, çox böyük ehtimalla, bizim artıq ona qarşı mübarizə aparmaq üçün başqa bir vasitəmiz olacaq. Hazırda isə heç kim hipersəs raketlərini vura bilmir. Bizim hazırkı durumumuzun unikallığı da elə bundadır.
Qeyd edək ki, Rusiya prezidenti ötən il dekabrın 24-də Müdafiə Nazirliyinin kollegiya iclasında ölkəsinin yeni silah sistemləri üzrə dünyada liderliyi ələ aldığını açıqlamışdı.
Kreml rəhbərliyinin bildirdiyinə görə, Rusiya dünyada hipersəs sürətli silahlara malik olan yeganə ölkədir. Rus rəsmilərinin dediyinə görə, soyuq müharibə dövründə Sovet İttifaqı ABŞ-dan atom bombalarında, habelə strateji bombardmançıların və qitələrarası ballistik raketlərdə geridə qalır. Lakin bu gün NATO strateji silahların inkişafında Rusiyadan geridə qalmışlar. Hipersəs sürətli silahları buna misal göstərmək olar.
Hazırda Rusiyanın artıq ilk qoşun hissəsi qitələrarası “Avanqard” hipersəs raketləri ilə təchiz olunub və bu raketlər döyüş növbəsindədir. Habelə “Kinjal” hipersəs sürətli raketi də artıq silahanmada yer alır.
“The Washington Post” qəzeti Rusiya prezidentinin bu çıxışı ilə bağlı yazır ki, Pentaqon və ABŞ silahlı qüvvələri son illərdə hipersəs sürətli raketlərin üzərində işləyir. Ötən ilin avqust ayında müdafiə naziri Mark Esper belə silahların “çox güman ki, iki il sonra” silahlanmaya daxil olacağını açıqlayıb. O, böyük məsafələrə uça bilən yeni zərbə vasitələri üzərində işi hərbçilər üçün prioritet adlandırıb.
Qəzet yazır ki, ABŞ Müdafiə Nazirliyi dəfələrlə Konqresi Rusiya və Çinin hipersəs sürətli silahlar işləyib hazırladığı haqda xəbərdar edib. Buna cavab olaraq ABŞ rəsmiləri kosmosda müşahidə vasitələrinin yerləşdirilməsi və düşmənin raketlərinin daha erkən aşkarlanması imkanları barədə danışıqlar aparır.
ABŞ-da hazırda bunun üzərində iş gedir ki, düşmənin hipersəs sürətli raketini uçuşun ilk dəqiqələrində, hələ sürətyığma mühərrikinin işlədiyi vaxtda məhv etmək mümkün olsun.
Ümumilikdə Rusiyanın yeni silah proqramında NATO-nun Rusiyanın qərb sərhədlərində qoşun yerləşdirməsi və ABŞ-ın orta və yaxın mənzilli raketlərə dair 1987-ci il müqaviləsindən çıxması təsirsiz olmamışdır.