Hindistanda son 11 gündə COVID-19-a yoluxma sayı 20 mindən çox olub
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına rekord sayda - 28 min 701 yoluxma qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 878 min 254 nəfərə çatıb
SəhərAzəri Azərtac-a istinadla xəbər verir ki, Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ardıcıl 4 gündür Hindistanda gündəlik yoluxma sayı 26 mindən, son 11 gündə isə 20 mindən çox olub. Ötən sutka COVID-19 səbəbindən 500 ölüm baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 23 min 174-ə yüksəlib.
Nazirlik virusa yoluxanların təxminən 63 faizinin sağaldığını açıqlayıb. COVID-19 infeksiyasına yoluxmanı müəyyən etmək üçün gündəlik test edilənlərin 7,44 faizinin cavabı müsbət çıxır.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.