Rusiya ABŞ-ın anti-İran sanksiyalarına qarşıdır
Rusiyanın BMT-nin qərargahı yanında Daimi Nümayəndəliyi bir daha Rusiyanın ABŞ-ın anti-İran qətnamələrinə qarşı olmasına dair mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Rusiyanın BMT qərargahı yanında Daimi Nümayəndəliyinin rəsmilərindən biri çərşənbə günü Taas-a müsahibəsində vurğulayıb: "Rusiya ABŞ-ın silah embarqosunun müddətinin uzaldılmasına dair anti-İran qətnaməsinin əleyhinədir və bu qətnamənin təsdiqlənmək üçün heç bir şansı yoxdur".
Adının açıqlanmasını istəməyən rus rəsmisi əlavə edib: "Rusiya hələ də ABŞ tərəfindən İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair hazırlanıb, BMT-yə göndərilən qətnamə hayihəsinə qarşıdır".
Rus rəsmisi ölkəsinin BMT-də ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətini dəstəkləyəcək sənədin təsdiqlənməsinə yönəlik heç bir cəhdi qəbul etməyəcəyini vurğulayıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT-nin 30 iyun tarixində keçirilən iclasında, İrana qarşı ABŞ qətnaməsinin səs verməyə qoyulsa da təsdiqlənməyəcəyi ilə bağlı xəbərdarlıq edib.
BMT-nin İrana qarşı silah embarqosunun müddətinin sona çatması tarixinə yaxınlaşdıqca, ABŞ-ın onun qarşısını almaq üçün cəhdləri daha da artır.
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən, silah embarqosunun müddəti 2020-ci il oktyabrın 18 bitəcək.
BMT Təhlükəsizlik Şurasında veto hüququna malik Rusiya və Çin aşıq şəkildə bəyan ediblər ki, anti-İran silah embarqosunun uzadılmasına dair ABŞ-ın istənilən hərəkətinə qarşıdırlar.