ABŞ rəsmən BMT TŞ-nin İrana qarşı sanksiyalarının geri qaytarılmasını istəyib
ABŞ hökuməti bir məktub təqdim edərək, BMT Təhlükəsizlik Şurasını İrana qarşı sanksiyaların geri qaytarılması üzrə istəyindən məlumatlandırıb.
SəhərAzəri xəbər verir, Amerika Dövlət Departamenti BMT Təhlükəsizlik Şurasına məktubunda İranı nüvə anlaşmasını pozmaqda ittiham edib və rəsmən BMT TŞ-nin İrana qarşı sanksiyalarının geri qaytarılmasını istəyib.
30 günlük bir prosesə başlayan bu məktub BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının geri qayıtması ilə nəticələnə bilər.
ABŞ prezidenti Donald Tramp çərşənbə günü gecə Vaşinqtonun BMT Təhlükəsizlik Şurasının İran əleyhinə sanksiyalarının geri qayıtmasını istədiyini bəyan edərək, bildirmişdi ki, öz dövlət katibi Mayk Pompeoya bu istiqamətdə “tətik mexanizmi”ni işə salmaq barədə göstəriş veribdir.
Amerika iki il bundan öncə və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə məhəl qoymadan nüvə anlaşmasından rəsmi şəkildə çıxsa da yeni bir hüquqi şərhdə iddia edir ki, bu qətnamənin maddələrinə əsasən, hələ də nüvə anlaşmasının üzvlərindən biridir və bu çərçivədə həmin anlaşmada qeyd olunan mexanizmlərdən, o sıradan tətik mexanizmindən istifadə etmək haqqına malikdir. Bu iddia BMT Təhlükəsizlik Şurasının əksər üzvlərinin birbaşa reaksiyası ilə üzləşibdir.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenzya cümə axşamı günü verdiyi bir müsahibədə bildirdi ki, Moskva Vaşinqtonun BMT-də İrana qarşı sanksiyaların yenidən tətbiq edilməsi üzrə hər cür cəhdi ilə mübarizə aparacaqdır.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif də cümə axşamı günü BMT Təhlükəsizlik Şurasının sədrinə məktubda Amerikanın İrana qarşı sanksiyaların bərpası üçün nüvə anlaşmasında dərc olunmuş mexanizmlərdən sui-isitfadə üzrə qanunsuz hərəkətini rədd edib.
İran xarici işlər naziri vurğulayıb ki, Vaşinqtonun sanksiyaların bərpası istiqamətində səyə heç bir haqqı yoxdur.