Dünyada koronavirusa yoluxanların sayı 24 milyon nəfəri ötüb
Dünyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 24 milyon nəfəri, ölənlərin sayı isə 830 min nəfəri ötüb.
SəhərAzəri pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, avqustun 26-da dünyada 273 min 280 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 346 nəfər isə dünyasını dəyişib.
Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 24 milyon 363 min 242 yoluxma və 830 min 352 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 16 milyon 895 min 616 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 637 min 274 xəstədən 61 min 562 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 6 milyon nəfəri keçib. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 3 milyon 722 min nəfər. Hindistanda 3 milyon 314 min 953 nəfər, Rusiyada 975 min 576 nəfər, Cənubi Afrika Respublikasında 615 min 701 nəfər, Peruda isə 613 min 378 nəfər bu xəstəliyə yoluxub.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 183 min 677 nəfər. İlk beşliyə daxil olan Braziliyada 117 min 756, Meksikada 62 min 76, Hindistanda 60 min 652, Birləşmiş Krallıqda isə 41 min 465 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.
Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Ümumdünya Səhiyyə Təşkilatını məlumatlandırıb. Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.