Okt 27, 2020 09:34 Asia/Baku
  • İtaliyada koronavirusla əlaqədar yeni məhdudiyyətlər

İtaliya hökuməti 26 oktyabrdan bəri koronavirusa qarşı mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq etdi.

SəhərAzəri xəbər verir, İtaliyada COVID-19-a yoluxma hadisələrinin sayı beş gündür ardıcıl olaraq rekord vurur, ölkədə ilk dəfə gündə 20 mindən çox yoluxma qeydə alınıb. Bu səbəbdən İtaliya hökuməti 26 oktyabrdan bəri koronavirusa qarşı mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edib. Yeni məhdudiyyətlər arasında qastronomiya obyektlərinin saat 18.00-dək fəaliyyəti nəzərdə tutulur. Bu isə həmin sektorda əksəriyyətinin ailə biznesi əsasında qurulduğu ictimai-iaşə obyektlərinin iflası ilə nəticələnə bilər.

Qeyd edilməlidir ki, Epidemiyanın başlanğıcından bəri İtaliyada yoluxmuş insanların ümumi sayı 525 782-yə yüksəlib, bütün dövr ərzində 37 338 nəfər ölüb.

İtaliyadaki irili-xırdalı əksər qastronomiya obyektləri tərəfindən etirazla qarşılanan bu qayda hökumətin əhaliyə qarşı cəza tədbiri kimi qiymətləndirilib. Eyni zamanda bir masa arxasında maksimum dörd nəfərin əyləşməsinə icazə verildiyi bu qayda adətən gec saatlarda restoranlara getməyi və dost-tanışlarla masa arxasında əyləşməyi sevən italyanlar tərəfindən xoş qarşılanmayıb.

Azərtac-ın məlumatina görə, İtaliya Qastronomlar Birliyi isə öz açıqlamasında gigiyena qaydalarına ciddi əməl olunan kafe və restoranların fərdi mənzil və yığıncaqlarla müqayisədə daha təhlükəsiz olduğunu, hökumətin pandemiyaya qarşı mübarizədə yanlış qərarlar qəbul etdiyini bəyan edib. Qeyd edib ki, yeni məhdudiyyətlər onsuz da ağır iqtisadi vəziyyətdə olan qastronomiya obyektlərinin gündəlik dövriyyəsini əlavə 70 faiz aşağı salacaq. Bu isə ölkə üzrə bu sektorda çalışan iki milyon insanın tezliklə iş yerini itirəcəyi ilə nəticələnə bilər.

Qeyd edək ki, İtaliyada qastronomiya obyektləri illik orta hesabla 84 milyard avro dövriyyəyə malikdirlər. Bu ilə bu sektorun dövriyyəsi indiyədək 34 milyard aşağı düşüb. Yaranmış böhranla əlaqədar italyanlar ötən illə müqayisədə kafe və restoranlar üçün xərclərini 40 faiz azaldıblar. Bu isə artıq dekabr ayından bu sektordakı müəssisələrin iflası və işsizlərin sayının artması ilə nəticələnə bilər.

 

Teqlər