Noy 29, 2020 14:04 Asia/Baku
  • Fransada etiraz dalğası:130 mindən çox insan etiraz aksiyalarına qatılıb

Fransada 130 mindən çox insan məlumat azadlığına dəstək məqsədilə keçirilən etiraz aksiyalarında iştirak edib.

SəhərAzəri xəbər verir, şənbə günü Parisdə “Qlobal təhlükəsizlik haqqında” Qanun layihəsinin 24-cü maddəsinin qəbul edilməsinə qarşı keçirilən etiraz aksiyalarında 130 mindən çox etirazçı iştirak edib. Polis və jandarmların foto və videoçəkilişlərinin aparılmasının qadağan edilməsi ilə bağlı olan 24-cü maddənin qəbul edilməsinə qarşı çıxan etirazçılar bunu KİV-in azadlığının məhdudlaşıdırılması kimi qiymətləndirirlər.

Nümayişin başlamasından qısa müddət sonra iğtişaşlar baş verib.  Polis qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etiraz aksiyaları zamanı polis 100 nəfəri saxlayıb.

Nümayişçilər arasında müxalifət partiyaları və həmkarlar ittifaqlarının təmsilçiləri, o cümlədən “Yenilməz Fransa” solçu hərəkatının rəhbəri, parlamentin deputatı Jan-Lyuk Melanşon, Fransa Sosialist Partiyasının birinci katibi Olivye For da olub.

Bildirilir ki, “Qlobal təhlükəsizlik haqqında” Qanunun hüquq-mühafizə orqanlarının əməkdaşlarının foto və videoçəkilişləri ilə bağlı olan 24-cü maddəsi jurnalistlərin, siyasətçilərin və ictimaiyyətin tənqidinə səbəb olub. Bu bəndə əsasən, “milli polis, jandarma və ya bələdiyyə polisinə fiziki və ya psixoloji xarakterli zərər vurulması məqsədilə üzünün təsvirinin və ya tanınması üçün digər elementinin yayılması”na görə bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur. 18 noyabrda parlamentin aşağı palatasında layihənin baxılmasına başlanılıb. Müzakirələr başladıqdan dərhal sonra ilk etirazlar baş qaldırıb.

Fransanın daxili işlər naziri Jerald Darmanen nümayişlərdə 37 polisin yaralanmasını bildirərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakı hərəkətləri pisləyib.

 

Teqlər