Noy 30, 2020 08:42 Asia/Baku
  • Fransada etiraz aksiyaları zamanı 100-ə yaxın polis əməkdaşı xəsarət alıb

Şənbə günündən Fransanın 70 şəhərində davam edən etiraz aksiyaları zamanı 98 polis və jandarma əməkdaşı müxtəlif dərəcəli xəsarət alıblar.

SəhərAzəri RİA Novosti-yə istinadla xəbər verir, Fransa Daxili İşlər Naziri Gerald Darmanen “Twitter” hesabında yazıb: "Şənbə günündən Fransanın 70 şəhərində davam edən etiraz aksiyaları zamanı 98 polis və jandarma əməkdaşı müxtəlif dərəcəli xəsarət alıblar".

Nazir qeyd edib ki, iğtişaşlar zamanı ümumilikdə 98 nəfər polis zabiti və jandarma əməkdaşı yaralanıb. O, asayiş keşikçilərinə tam dəstək olduğunu ifadə edərək qanuna zidd hərəkət edənlərin cəzalandırılacağını bildirib. 

Rəsmi məlumatlara görə, etiraz aksiyalarında 130 mindən çox insan iştirak edib. Aksiya təşkilatçılarının hesablamalarına görə isə bu rəqəm 500 min olub.

Qeyd edək ki, etiraza səbəb noyabrın 24-də Fransa parlamentinin aşağı palatasında "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin ilk oxunuşda qəbul edilməsi olub. 

Qanunun 24-cü maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. Jurnalist həmkarlar ittifaqları və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.

Sənədin gələn ilin yanvar ayında Fransa parlamentinin yuxarı palatası olan Senata göndəriləcəyi bildirilib.

Teqlər