Mart 15, 2021 16:50 Asia/Baku
  • “Taliban” ABŞ-ın sülh planını rədd edib

“Taliban” Əfqanıstanda münaqişənin dinc yolla nizamlanması üzrə ABŞ-ın təklif etdiyi sülh planını rədd edib.

SəhərAzəri xəbər verir ki, “Bakhtar” agentliyi xəbər verir ki, bunu “Taliban” hərəkatının siyasi ofisinin nümayəndəsi Naim Vardak bildirib. Onun sözlərinə görə, ABŞ-ın israr etdiyi və bütün maraqlı tərəflərin iştirakı ilə formalaşdırılması təklif olunan müvəqqəti hökumət “Əfqanıstanın qarşısında duran çağırışların öhdəsindən gəlməyə” imkan verməyəcək.

 Vaşinqtonun təklif etdiyi plan bir müddət öncə Əfqanıstan hökuməti tərəfindən də rədd edilmişdi.

 Taliblər bir il əvvəl ABŞ-la əldə edilən razılaşmanın şərtlərinə uyğun olaraq, xarici qoşunların Əfqanıstandan çıxarılmasında israrlıdır.

 Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhdid törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır.

 Saziş imzalandıqdan sonra “Taliban” və Əfqanıstan hökuməti arasında keçirilən danışıqlarda hələlik heç bir nəticə əldə olunmayıb. ABŞ-ın yeni administrasiyası da qoşunların Əfqanıstandan çıxarılması üzrə qərar qəbul etməyib.

 

Teqlər