Co Bayden ABŞ-ı beynəlxalq hüquq məkanına geri qaytarmaq istəyir
ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın beynəlxalq hüquqla bağlı daha bir mühüm qərarını ləğv edib.
SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Ağ Evin hazırkı rəhbəri beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə qarşı tətbiq olunan sanksiyaları aradan qaldırıb.
Məsələ ilə bağlı açıqlama verən dövlət katibi Entoni Blinken ABŞ-a qarşı qərəzli saydıqları bir sıra hakimlərin mövqeləri ilə razılaşmadıqlarını söyləyib.
“Bütün bunlarla yanaşı, hesab edirik ki, bu cür hallarda məsələləri sanksiyalarla deyil, diplomatiyanın köməyi ilə həll etmək lazımdır”, - deyə, o bildirib.
Qeyd etmək lazımdır ki, Co Bayden hakimiyyətə gələndən bu yana ABŞ-ın beynəlxalq hüquq institutları ilə Donald Tramp dövründə qırılan bağlarını yenidən bərpa etməyə çalışır. Belə ki, onun administrasiyası BMT İnsan Haqları Şurası ilə yenidən əməkdaşlıq etməyə başlayıb.
Bundan başqa, Birləşmiş Ştatlar İqlim üzrə Paris konvensiyasına geri dönüb. Rəsmi Vaşinqton İranla 2015-ci ildə imzalanmış nüvə anlaşmasına qayıtmaq üçün danışıqlar aparır.
Beynəlxalq Cinayət Məhkəməsi 2002-ci ildə Romada hərbi və bəşəriyyət əleyhinə yönəlmiş cinayətləri törədən şəxslərin beynəlxalq məsuliyyətə cəlb olunması üçün yaradılıb. ABŞ hələ də bu məhkəmənin Statutunu təsdiq etməyib. Birləşmiş Ştatlar onu imzalanan ölkələrin çoxluğunu əsas göstərərək, bununla amerikan hərbçilərinə və vəzifəli şəxlsərinə qarşı qərəzli məhkəmə işlərinin qaldırılacağından ehtiyat edir.