Apr 10, 2021 16:51 Asia/Baku
  • Myanmanın hərbi tribunalı 19 nəfəri ölüm cəzasına məhkum edib

Myanmanın Yanqon şəhərinin hərbi tribunalı 19 nəfəri edam cəzasına məhkum edib.

SəhərAzəri xəbər  verir ki, Myavadi informasiya portalının yaydığı məlumata görə, mühakimə edilənlərin hamısı mülki şəxsin qətlə yetirilməsində və quru qoşunlarının kapitanı Theta Aunq Çjoya sui-qəsd cəhdində ittiham olunur.

Cinayət hadisəsi martın 27-də Myanma Ordusu Günündə Yanqon şəhərinin Şimali Okkalapa rayonunda baş verib. İnsident nəticəsində ordu kapitanı ağır yaralanıb, onun yoldaşı Maunqa Than Zin Thvey isə ölüb. Həmçinin məhkumlar zabitin tabel silahını və motosikletini oğurlayaraq hadisə yerindən qaçıblar.

Cinayəti törətməkdə şübhəli bilinən 19 nəfərdən 17-si ədalət məhkəməsindən gizləndiyi üçün qiyabi mühakimə olunub.

Regional müşahidəçilərin sözlərinə görə, bu, Myanmada hakimiyyətin hərbçilərin əlin keçdiyi dövrdən bəri çıxarılan ilk ölüm hökmüdür.

Xatırladaq ki, fevralın 1-də Myanmada baş verən hərbi çevriliş nəticəsində hakimiyyət silahlı qüvvələrin nəzarətinə keçib. Hərbçilər bir il müddətinə ölkədə fövqəladə vəziyyət rejimi elan edib və ölkədə yeni nazirlər kabineti formalaşdırıb. 2020-ci il noyabrın 8-də keçirilən seçkiləri saxtalaşdırmaqda ittiham edilən Prezident Vin Min və digər yüksək vəzifəli məmurlar həbs olunub. Respublika əhalisi fevralın əvvəlindən başlayaraq hərbi çevrilişə qarşı aksiyalar keçirir, təhlükəsizlik qüvvələri isə etirazların qarşısını almağa çalışır. Etiraz aksiyalarının dağıdıdılması zamanı 600-ə yaxın insan həlak olub.

Teqlər