Apr 29, 2021 13:50 Asia/Baku
  • Co Bayden: “ABŞ Rusiya ilə eskalasiya istəmir”

Vaşinqton Moskva ilə münasibətləri gərginləşdirməyə çalışmır.

SəhərAzəri: Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti Co Bayden bunu aprelin 29-da Konqresə etdiyi birinci müraciətində deyib.

 "Rusiyaya gəldikdə, Prezident Putinə çox açıq şəkildə bildirdim ki, eskalasiya istəməsək də, onların hərəkətlərinin təsiri var”, - deyə ABŞ lideri əlavə edib.

 Bununla yanaşı, Ağ Evin rəhbəri qeyd edib ki, hər iki ölkənin ortaq maraqlarına uyğun olduqda əməkdaşlıq edə bilərlər.

 Qeyd edək ki, Bayden aprelin 15-də Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan fərman imzalayıb. Bu sanksiyalar Amerikadakı seçkilərə Rusiyanın müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 təşkilat və 16 şəxsə tətbiq edilib.

 Ertəsi gün Rusiya cavab tədbiri olaraq ABŞ səfirinə məsləhətləşmələr üçün Vaşinqtona getməyi tövsiyə edib. Bundan başqa, Moskva anti-Rusiya kursunun hazırlanması və həyata keçirilməsində iştirak edən səkkiz indiki və keçmiş Amerika yüksək rütbəli məmurunun ölkəyə girişini qadağan edib.

 

Teqlər