ÜST: Dünya əhalisinin 70 faizi vaksinasiya olmayana qədər pandemiya bitməyəcək
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə nümayəndəsi Hans Kluge bildirib ki, dünya əhalisinin ən azı 70 faizi koronavirusa qarşı peyvənd olmayana qədər pandemiya bitməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Hans Kluge "Frans Press"ə verdiyi müsahibədə bildirib.
Hans Kluge xüsusuilə də Avropada vaksinasiyanın ləng prosesindən narahatlıq ifadə edərək, dünyada mutasiyalı ştammların yayılma sürətinin narahatedici olduğunu bildirib.
O, indiyə qədər mövcud peyvəndlərin mutasiyalı viruslara qarşı effektiv olduğunu qeyd edərək, gözləniləndən daha uzun sürən epidemiyanın sona çatması üçün vaksinasiya prosesinin sürətləndirilməsinin vacib olduğunu söyləyib. 2020-ci ilin fevralından bəri Avropada Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəliyini idarə edən Hans Kluge xatırladıb ki, bir epidemiyanı idarə etmək üçün sürətli olmaq lazımdır; Hansı ki, koronavirusun yayılmasının başlanğıcında yox idi.