İyun 25, 2021 12:14 Asia/Baku
  • Qarabağ rayonu da daxil olmaqla yeddi bölgə nəzarətə götürülüb

Taliban silahlıları Qəzni əyalətinin Qarabağ rayonu da daxil olmaqla daha yeddi bölgəni zəbt edib.

SəhərAzəri Əfqanıstanın ToluNews Agentliyinə istinadla xəbər verir ki, son iki gündə ölkədə daha yeddi rayonun mərkəzi Talibanın nəzarətinə keçib.

Bildirilib ki, ölkə ordusu qüvvələri Faryab əyalətinin üç, Oruzqan əyaləti, Bağlan, Lövgər və Qəzni əyalətlərinin hər birində bir rayonunun mərkəzini tərk ediblər.

Əlavə edilib ki, ötən gün ordu qüvvələri Qəzni əyalətinin Qarabağ rayonunun mərkəzini də tərk ediblər.

Agentlik bildirib ki, son iki ayda, yəni ABŞ və NATO qüvvələrinin ölkədən çıxmağa başlamasından sonra ölkədə ümumilikdə 80 rayonun mərkəzi Talibanın nəzarətinə keçib.

Bu arada belə bir məlumat da daxil olub ki, Əfqanıstan sərhəd qoşunlarının 53 hərbçisi Şortepə rayonu ərazisində Özbəkistan ərazisinə keçib.  

Özbəkistan hökuməti Əfqanıstanla həmsərhəd şimal əyalətlər daxil olmaqla hərbi-siyasi vəziyyətin inkişafını yaxından izləyir. 

Özbəkistanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib: “Qonşu ölkədə şiddətin artması son dərəcə narahatedicidır. Koronavirus pandemiyasının yeni dalğası fonunda gərginliyin artması əfqan xalqının həyatını çətinləşdirir. Münaqişədə iştirak edən bütün tərəfləri güc tətbiq etməkdən çəkinməyə və mülki insan itkilərinin qarşısını almağa çağırırıq".  

Bundan əlavə, Xarici İşlər Nazirliyi Özbəkistan hökumətinin ölkədə həyata keçirilməsinə kömək edəcək böyük enerji, nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi yolu ilə əfqan xalqına hərtərəfli iqtisadi və humanitar dəstək verməyə davam edəcəyini bildirib. 

Qeyd edək ki, ABŞ və NATO qüvvələrindən yarısının çıxarılmasına rəğmən Taliban və digər terror qruplaşmalarının fəallaşması fonunda bu prosesin təkmilləşəcəyi şübhə doğurmağa başlayıb. Pentaqonun təhlükəsizlik məsələləri üzrə müavini Əlqaidə və Talibanın canlanması ilə Amerika qüvvələrinin yenidən Əfqanıstana qayıtmalarını istisna etməyib. Bunun anonsu iyunun 24-də prezident Co Bayden tərəfindən də verildi. O deyib ki, ABŞ amerikan qoşunlarına yardım edən əfqanları taleyin ümidinə buraxmayacaq.

Teqlər