Rusiya həyəcan təbili çalır
Əfqanıstanda vəziyyət getdikcə pisləşir
Rusiya prezident sarayının sözçüsü Moskvanın Əfqanıstanda olduqca qeyri-sabit görünən vəziyyəti diqqətlə izlədiyini söyləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Kremlin sözçüsü Dmitri Peskov Əfqanıstandakı vəziyyəti pisləşən vəziyyət kimi xarakterizə edib.
O deyib: "Əfqanıstanda qeyri-sabitlik hökm sürür. Ümumiyyətlə, dəfələrlə demişik ki, əlbəttə, amerikalılar və müttəfiqləri Əfqanıstandan çəkildikdən sonra ölkədəki vəziyyət narahatlıqlarımızı daha da artırıb. Vəziyyəti diqqətlə izləyirik və təəssüf ki, bu ölkədə qeyri-sabitlik baş verir".
Dövlət rəsmisi daha sonra Rusiyanın Əfqanıstana əsgər göndərmək planının olmadığını və bu məsələnin Kreml tərəfindən nəzərdən keçirilmədiyini də əlavə edib.
Bununla belə Rusiya prezidenti Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədindəki son vəziyyəti tacikistanlı hmkarı İmaməli Rəhmanla müzakirə olunub. Putin həmkarına Tacikistana həm ikitərəfli, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində lazımi dəstəyi verməyə hazır olduğunu söyləyib.
Telefon söhbəti zamanı Putin və Rəhman müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
Tacikistan Prezidenti İmaməli Rəhman Özbəkistanın və Qazaxıstanın dövlət başçıları ilə də məsləhətləşmələr aparıb. Və Əfqanıstanla sərhəddə, şimal və şimal-şərq istiqamətində yaranan gərginliyi və qonşu ölkədəki hərbi-siyasi vəziyyəti müzakirə edib.
Telefon danışıqları zamanı Taliban terror təşkilatı ilə mübarizədə səylərin əlaqələndirilməsi, regional təhlükəsizliyin və sərhədlərin möhkəmləndirilməsi, bu ölkələrin güc strukturları və təhlükəsizlik orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, birgə fəaliyyətin gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi aparılıb.