Əfqanıstanın Qəzni şəhəri Talibanın nəzarətinə keçib
Əfqanıstanda Taliban silahlıları Qəzni vilayətinin inzibati mərkəzinə nəzarəti ələ keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Talibanın sözçüsü bu gün bildirib ki, qrup Valiliyin binasını, polis qərargahını, Qəzni həbsxanasını və daha bir neçə hökumət binasını ələ keçirib.
Zəbihullah Mücahid əlavə edib: "Taliban silahlıları və Əfqanıstan hərbçiləri arasında baş verən toqquşmalarda bir çox təhlükəsizlik qüvvələri öldürülüb və bir çoxları da təslim olub.
Qəzni şəhəri artıq bir neçə həftədir ki, Taliban hərəkatının intensiv hücumlarına məruz qalıb.
Qəzni vilayətinin mərkəzinin süqutu təsdiqlənərsə, bu, Əfqanıstanda son bir həftə ərzində Taliban qüvvələrinin əlinə keçən 9-cu vilayət mərkəzidir.
Ötən gecə Əfqanıstanın cənubundakı Qəndəhar şəhərinin həbsxana binası da Taliban silahlıları tərəfindən ələ keçirilib və məhbuslar sərbəst buraxılıb.
Əfqanıstan hökuməti Talibanın hücumlarına reaksiyada, xalqı ələ keçirilmiş əraziləri taliblərdən geri alacağına əmin edib.