Taliban Kabili tutandan sonra bəyanat verib
"Müharibə bitdi, hamı təhlükəsizlikdədir"
Taliban hərəkatının Siyasi bürosunun sözçüsü Kabilin ələ keçirilməsindən sonra müharibənin artıq başa çatdığını vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Məhəmməd Nəim deyib: "Müharibə bitib, biz dinc beynəlxalq əlaqələrin qurulmasını istəyirik. Bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyi təmin edilir."
Taliban rəsmisi iddia edib ki, ölkədə 20 il sürən “cihad” səmərə verib və müharibə də bitib.
O, Əfqanıstandakı gələcək dövlətin növünün tezliklə açıqlanacağını bildirib, beynəlxalq arenada təcrid olunmuş vəziyyətdə qalmaq istəmədiklərini və dinc beynəlxalq əlaqələrə malik olmaq istədiklərini söyləyib.
“Biz ölkənin azadlığı və istiqlaliyyətini əldə etdik. Biz ölkəmizin ərazilərindən kimisə hədəfə almağa imkan verməyəcəyik. Artıq biz düşünmürük ki, xarici hərbi qüvvələr yenə də iflasa uğramış təcrübələrini burada sınamış olsunlar. Biz bütün Əfqanıstan simaları ilə danışıqlara hazırıq və onların qorunmasını təmin edirik", deyə Taliban rəsmisi ölkə daxilində və xaricində hamının onlarla dialoqa getməsini istəyib.
Qeyd edək ki, Taliban hərəkatı ötən gecə Kabildə Ərg sarayını və Dövlət televiziyasını nəzarətə götürüb. Hərəkat daha sonra Dövlət televiziyasının binasını nəzarətə götürərək, bəyanat verib.
Bəyanatda Kabildə bütün rayonların və şəhərin giriş çıxışlarının nəzarətdə olduğu, bütün vətəndaşların təhlükəsizliyinin təmin ediləcəyi, eləcə də bütün xarici diplomatik nümayəndəliklərin təhlükəsizlikdə olduğu bildirib.
Qeyd edək ki, Əfqanıstanın prezidenti Əşrəf Qəni də ötən gün ölkəni tərk edib.
Bu arada ABŞ hərbi qüvvələri də Kabil hava limanına köçürülmüş səfirliyinin işçilərini, eləcə də ordu qüvvələrilə əməkdaşlıq etmiş şəxslərin təxliyəsini davam etdirir.