Avq 18, 2021 12:10 Asia/Baku
  • Taliban ilk mətbuat konfransını keçirib

Taliban hərəkatının sözçüsü Zəbihullah Mücahid ilk dəfə olaraq ötən gün Kabildə mətbuat konfransı keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Hərəkatın sözçüsü bildirib ki, Taliban dünya arenasında heç kimlə düşmən münasibət yaratmaq istəmir. O, əmin edib ki, Taliban Əfqanıstanın münaqişə meydanı olaraq qalmasına icazə verməyəcək.

Mücahid 20 illik mübarizədən sonra əcnəbiləri qovduqlarını və ölkəni azad etdiklərini bildirib. O qeyd edib ki, "Taliban” hərəkatı ona qarşı mübarizə aparanlardan qisas almır və hamını bağışlayır.

Mücahidin sözlərinə görə, ölkədəki bütün səfirliklər və QHT-lərin təhlükəsizliyi tamamilə təmin olunub. Taliban heç kimin ölkə ərazisini digər dövlətlərə qarşı hücumlar üçün baza olaraq istifadə etməsinə icazə verməyəcəyini də söz verib.

Hərəkat nümayəndəsi hakimiyyətin ölkədə qadın hüquqlarını qoruyacağını, xanımların şəriətə uyğun olaraq aktiv həyat tərzi sürməsinə icazə veriləcəyini bəyan edib. 

Bununla yanaşı, Taliban sözçüsü, yeni hökumətin ölkənin iqtisadi dirçəlişinə diqqət yetirəcəyini bildirib.

Mücahidin sözlərinə görə, Taliban tərəfindən qurulan Əfqanıstan hökuməti, ölkənin əvvəlki hakimiyyət orqanlarından daha yaxşı fəaliyyət göstərə biləcək.

O, Talibanın yeni bir hökumət qurmaq üçün fəal şəkildə çalışdığını, hökumətdə bütün qüvvələrin təmsil olunacağını vurğulayıb.

Teqlər