Avq 20, 2021 13:18 Asia/Baku
  • Taliblər məhz Türkiyəyə güvəndiklərini deyirlər

Taliban sözçüsü Əfqanıstandakı infrastrukturun bərpasında Türkiyəyə güvəndiklərini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Süheyl Şahin deyib ki, Əfqanıstanda bərpa işlərində ən çox Türkiyəyə ehtiyac var. Əfqanıstan zəngin yeraltı sərvətlərə malikdir. Amma bunları emal etmək kimi gücümüz yoxdur. Taliban rəsmisi qeyd edib: "Türkiyə ilə səhiyyə, təhsil, iqtisadiyyat, inşaat və enerji sahələrində və yeraltı sərvətlərin işlənməsində əməkdaşlıq etmək istəyirik. Ən böyük gözləntimiz türk qardaşlarımızın daxili balanslar tam formalaşdıqdan sonra bu məsələlərdə fəal rol oynayacaqlarıdır”

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan jurnalistlərə açıqlamasında talibançıların mövqeyindən razı qaldığını dilə gətirib. “Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır. Hakimiyyətdə kim olursa-olsun, yaxşı və pis gündə Əfqanıstanın yanında olmaq qardaşlıq gərəyidir. Əfqanıstanın yanında olmaq öhdəliyimizin və qardaşlığımızın tələbidir. Taliban nümayəndələrini qəbul edəcəyimizi daha əvvəl bildirmişdik. Bu gün də həmin mövqeyimizi qoruyuruq. Taliblərin müsbət açıqlamalarını biz məmnuniyyətlə qarşılayırıq”, - deyə dövlət başçısı bildirib.

Ərdoğan həmçinin Taliban liderlərinin mülayim açıqlamalarını alqışladığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Əfqanıstandakı Türkiyə sülhməramlıları heç zaman hərbi əməliyyatlarda istifadə edilməyib. İndiki şəraitdə isə Türkiyənin Əfqanıstanda hərbi varlığı yeni rəhbərliyin beynəlxalq arenada fəaliyyətini gücləndirəcək və işini asanlaşdıracaqdır.

.

Teqlər