Almaniyada qatar sürücüləri iki günlük tətil aksiyasına başlayır
Almaniyada əsas qatar sürücüləri birliyi, bazar ertəsi günü avqustun 23-dən etibarən iki gün davam edəcək yeni bir tətil aksiyasına çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, tətil, birliyin işçilərinin maaşlarının artırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra baş verir. Birliyin tələblərinə maaşların 3,2 faiz artırılması, həmçinin koronavirusla əlaqədar 600 avroluq bonus daxildir.
Bu tələblər elə bir halda irəli sürülür ki, Almaniyanın dövlət qatar şirkəti "Deutsche Bahn", epidemiya başlayandan bəri milyardlarla avro ziyana düşüb. Həmçinin son daşqınlar ölkənin bir çox dəmir yoluna da böyük ziyan vurub.
Belə bir şəraitdə, bir çox qatar sürücüsünün üzv olduğu Almaniya Qatar Maşinistləri Birliyi GDL-ın prezidenti, sərnişin qatarlarının tətilinin bazar ertəsi günü səhər saat 2:00-dan başlayacağını və çərşənbə günü gecə saat 2:00-dək davam edəcəyini açıqlayıb.
Bəzi tənqidçilər GDL tətilinin daha çox ittifaqdaxili rəqabət olduğuna inanırlar, çünki ənənəvi olaraq, bu birlik qatar sürücülərinin hüquqlarına diqqət yetirir və daha böyük birlik olan EVG ilə rəqabət aparır, hansı ki, Almaniyanın dəmiryolu işçilərinin daha geniş kütləsini təmsil edir.
"Deutsche Bahn"nın rəhbərləri yeni tətilləri tənqid edərək, bunu qeyri-zəruri adlandırıb və mübahisənin həlli üçün lazım olan hər şeyin masa üzərində olduğunu söyləyiblər və GDL birliyini danışıqlar masasına qayıtmağa çağırıblar. Almaniyadakı özəl dəmir yolu şirkətləri tətildə iştirak etməyəcəklərini açıqlayıblar.