Rusiya Mərkəzi Asiyada möhkəmlənməyi qarşıya məqsəd qoyub
Başqa güclərin nüfuzuna imkan verilməyəcək
Moskva Mərkəzi Asiyaya nəzarətini gücləndirəcəyinə eyham vurur.
SəhərAzəri-nin verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Budapeştdə macar həmkarı ilə birgə mətbuat konfransında ölkəsinin ABŞ əsgərlərini Mərkəzi Asiyada görmək istəmədiyini açıqlanıb. “Bizim ümumi təhlükəsizlik məkanımız var və bu məkanda öz öhdəliklərimiz var. Mən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəzərdə tuturam, hansı ki, xarici silahlı qüvvələrin onların ərazisində yerləşdirilməsinə aid məsələləri bütün müttəfiqlərin razılığı ilə nəzərdə tutur. ABŞ hərbçilərinin Əfqanıstanla qonşu Mərkəzi Asiya ölkələrində yerləşdirilməsi bu dövlətləri hədəf halına gətirər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.
Rusiyalı nazirin açıqlamasından belə başa düşülür ki, Kreml Mərkəzi Asiyanı öz arxa bağçası sayaraq, başqa qüvvələrin bu coğrafiyaya ayaq açmasına imkan verməyəcəkdir və Əfqanıstan Talibanın nəzarətinə keçməsindən sonra onun həssasiyyəti ikiqat artmışdır. Xüsusilə də Moskvada hesab edirlər ki, bölgədə ekstremizmin yatmış özəkləri Əfqanıstan istiqamətindən fəallaşdırıla və Rusiyaya başağrısına çevrilə bilər. Ona görə də Qərbin və ya ona bağlı olan ifratçı qrupların Mərkəzi Asiyaya gəlməsinə imkan verilməməlidir.
Təsadüfi deyil ki, The New York Times qəzeti də son məqalələrinin birində Mərkəzi Asiyaya Rusiyanın dəqiq nəzarət etməsindən bəhs edib.
Məqalə müəlliflərinin fikrincə Qərb qüvvələri geri çəkildikdən sonra Rusiya, Çin və Pakistan bölgə məsələlərində təsirlərini genişləndirə biləcək. ABŞ və Hindistan isə təsirlərini itirəcək. Əslində Moskva üçün Amerika qoşunlarının tələsik çıxarılması, 1989-cu ildə baş verən hadisələrin xatırlatmasıdır. Həmin il, SSRİ ordusunun bölmələrinin Əfqanıstandan alçaldıcı şəkildə geri çəkilməsi başlayıb. Hazırda isə, Rusiya Amerikanın uğursuzluğunu qlobal təbliğat qələbəsinə çevirib.
"Nezavisimaya Gazeta" qəzetinin Əfqanıstandakı vəziyyətlə bağlı müxbiri Andrey Serenko isə deyir ki, "Rusiya Mərkəzi Asiyadakı mövqeyini tez bir zamanda bərpa edə bilər. Amerikanın təhlükəsizlik çətiri yox olur, Rusiya isə öz çətirini açır."
Əfqanistandan gələcək təhlükə qarşısında Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın özlərinə dəstək axtarmaları Mərkəzi Asiyada təsir dairəsi uğrunda mübarizə aparan Rusiyanın bölgədə öz mövqelərini möhkəmlətməsini asanlaşacaqdır.