Noy 10, 2025 15:55 Asia/Baku
  • Azərbaycanda işgəncə halları sistematik hal alıb

Avropa Şurasının İşgəncənin Qarşısının Alınması Komitəsi (CPT) tərəfindən dərc edilmiş hesabat Azərbaycanda hüquq-mühafizə orqanlarında işgəncə və pis rəftar praktikasının miqyasına dair ciddi narahatlıqları gündəmə gətirib.

Sənəddə qeyd olunur ki, polis bölmələrində, digər hüquq-mühafizə strukturlarında və orduda fiziki zorakılıq və işgəncə halları “sistematik, geniş yayılmış və köklü” xarakter daşıyır.

Komitə bildirir ki, ilkin saxlanma mərhələsində hüquqların təminatı hələ də zəifdir, saxlanılan şəxslərin vəkilə çıxış imkanları məhduddur və sorğu prosesinin şəffaflığı təmin olunmur, çoxsaylı şəxslər polis bölmələrində döyülmə, təhdid və etiraf almaq məqsədilə müxtəlif formalarda işgəncəyə məruz qalırlar.

Komitə Azərbaycan hökumətinə işgəncəyə qarşı real dəyişikliklər aparmağı, müstəqil araşdırma mexanizmi və effektiv nəzarət strukturları yaratmağı tövsiyə edir.

CPT hesabatında həmçinin Azərbaycanın son illər yaşadığı ən ciddi hüquq-pozuntularından biri olan Tərtər hadisələrinə də münasibət bildirib. Qeyd olunur ki, 2017-ci ildə Azərbaycan Ordusunun bir qrup hərbçisinə qarşı başladılmış “casusluq” əməliyyatı çərçivəsində yüzlərlə hərbçi qeyri-rəsmi saxlanılıb, bir çoxu ağır işgəncələrə məruz qalıb, ən azı 10 nəfər işgəncə nəticəsində ölüb.

Hüquq müdafiəçilərinin fikrincə, “Tərtər işi” hələ də tam şəkildə araşdırılmayıb və bütün məsul şəxslərin müəyyənləşdirilməsi üçün hərtərəfli, müstəqil və şəffaf araşdırmaya ehtiyac var.

Azərbaycan hökuməti isə bildirir ki, ölkədə işgəncə və qeyri-insani rəftara qarşı “sıfır tolerantlıq” siyasəti mövcuddur və son illərdə nəzarət mexanizmləri gücləndirilib. Bununla belə, insan hüquqları üzrə beynəlxalq qurumlar real vəziyyətin hələ də ciddi problemlərlə müşayiət olunduğunu qeyd edirlər.