Taliban yeni hökuməti elan etdi
Taliban vədini yerinə yetirmədi; hökmətdə puştunlardan başqa heç bir millət təmsil olunmur
Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. Yaradılmış hökumət talibançıların inhisarındadır.
SəhərAzəri-nin verdiyi məlumata görə, Talibanın sözçüsü Zəbihullah Mücahid Əfqanıstanda yeni hökumətin yaradıldığını elan edib.
O bildirib ki, Talibanın yaratdığı hökumətə Molla Həsən Axund başçılıq edəcək. Bu şəxs baş nazirin səlahiyyətlərini icra etməlidir.
Bundan əlavə Taliban rəhbərliyinin nümayəndəsi Əmir Xan Müttəqi xarici işlər naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Məlumatda həmçinin qeyd olunur ki, Molla Əbdülğəni Bəradər baş nazirin müavini kimi fəaliyyət göstərəcəkdir.
Müdafiə naziri vəzifəsinin səlahiyyətlərini isə Məhəmməd Yaqub icra edəcək.
Daxili işlər nazirinin səlahiyyətlərinin icrasına gəlincə bu vəzifə Molla Siracəddin Həqqaniyə tapşırılıb. Həmin şəxs terrorçuluqda ittiham olunaraq ABŞ tərəfindən axtarışdadır və həbsi üçün beş milyon dollar mükafat təyin edilib.