Sen 09, 2021 11:38 Asia/Baku
  • FTB, Taliban hökumətinin daxili işlər nazirinə görə mükafatı 10 milyon dollara qaldırdı

Talibanın Əfqanıstanın yeni hökumətinin tərkibini elan etməsindən sonra ABŞ-ın Federal Təhqiqat Bürosu FTB, daxili işlər naziri vəzifəsinə irəli sürülmüş Siracəddin Həqqaninin tutulmasına görə mükafatı ikiqat artırıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, FTB bundan əvvə Siracəddin Həqqaninin terror əməliyyatındakı rolu ilə əlaqədar onun tutulmasına kömək edəcək məlumatlara görə 5 milyon dollar mükafat təyin etmişdi.

Həqqani Şəbəkəsinin liderinin adı Taliban hökumətinin tərkibində yer aldıqdan sonra bu mükafat iki qat artırıldı və 10 milyon dollara çatdı.

Federal Təhqiqat Bürosunun vebsaytında bu məsələ ilə bağlı bir bildiriş yer alıb və Siracəddin Həqqaninin şəkili, fərdi xüsusiyyətləri və şəxsiyyəti ilə bağlı bir sıra detalların təqdim edilməsi ilə yanaşı, həmin şəxslə bağlı hər hansı bir məlumatın FTB-nin yerli ofislərinə və ya müxtəlif ölkələrdəki ən yaxın ABŞ səfirliyinə və ya konsulluğuna verilməsi istənilib.

Bildirişə əsasən, Siracəddin Həqqani 2008-ci ilin yanvarında Kabildə bir Amerika vətəndaşı da daxil olmaqla altı nəfərin ölümü ilə nəticələnən bir otelə hücumda iştirak edib və ABŞ tərəfindən axtarışda idi.

FTB, həmçinin, Həqqani şəbəkəsinin liderinin Əfqanıstanda ABŞ və koalisiya qüvvələrinə qarşı bir çox sərhədaşırı hücumlarda koordinator olaraq, iştirak etdiyini də iddia edir.

Siracəddin Həqqaninin 2008-ci ildə Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzaya qarşı sui-qəsdin planlaşdırılmasında iştirakı da FTB-nin açıqlamasında qeyd edilən mövzulardan biridir.

Teqlər