Sen 29, 2021 11:37 Asia/Baku
  • Nigeriya polisi Ərbəin iştirakçılarını atəşə tutdu: 8 şəhid var

Nigeriyada polis qüvvələri sentyabrın 28-də İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü (Ərbəin) münasibətilə əzadarlıq mərasimi keçirənlərə hücum edərək, ən azı 8 nəfəri şəhid ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Nigeriya İslam Hərəkatı bildirib ki, sentyabrın 28-i Nigeriyanın paytaxtı Abucada təhlükəsizlik qüvvələri İmam Hüseynin (ə) Ərbəini münasibətilə əzadarlıq mərasimi keçirənlərə həqiqi güllələrdən atəş açıblar.  

Nigeriya İslam Hərəkatının üzvü Abdullah Məhəmməd, ərbəin mərasimində iştirak edənlərin Abuca-Kubva yolunda dinc yürüş keçirərkən, polis tərəfindən atəşə tutulduqlarını bildirib.

Abdullah Məhəmmədin dediyinə görə, polisin atəş açması nəticəsində ən azı 8 nəfər şəhid olub, xeyli sayda insan isə yaralanıb.

Ərbəin və Aşura yürüşləri 40 ildir ki, Nigeriyanın hər yerində keçirilir, lakin son zamanlarda hökumət Nigeriya İslam Hərəkatına və yürüşləri təşkil edən rəhbərliyinə təzyiq göstərdiyi üçün qəddar hücumlarla üzləşib.

Nigeriya ordusu və polisi, 2015-ci il dekabrın 13-də, Kaduna əyalətinin Zaria şəhərindəki Bəqiyyətəllah hüseniyyəsinə vəhşicəsinə hücum edərək, yüzlərlə insanı, o cümlədən Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin üç övladını şəhid etdilər.

Teqlər