Noy 12, 2021 11:59 Asia/Baku
  • Putin ABŞ-ın avantüralarına görə narahatdır

Rusiya Prezidentinin mətbuat katibi bəyan edib ki, Vladimir Putin ABŞ-ın qara dənizdəki hərəkətləri fonunda vəziyyəti izləyir və baş verənlərə görə narahatdır.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov ABŞ-ın Qara dənizdəki hərəkətlərinin Putin üçün narahatlıq predmeti olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: "Birbaşa sərhədlərimizin yaxınlığında bu tip hərəkətlər diqqətin artırılmasına və ehtiyat tədbirlərinin görülməsinə səbəb olmaya bilməz. Bunu dövlət rəhbəri də, müdafiə naziri də vurğulayıb".

Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov isə bəyan edib ki, Qara dənizdə NATO qruplaşmalarının artırılması – odla oynamaq deməkdir və Rusiyanın səbrini sınamaq cəhdidir.

Onun sözlərinə görə, Amerika gəmilərinin Qara dənizdə, baza məntəqələrindən 1000 mil uzaqlıqda peyda olması ciddi suallar doğurur. Bunu sərbəst gəmiçiliklə əlaqələndirmək cəhdi işə yaramır. Bütün bunlar odla oynamaq deməkdir. Lakin Rusiyanın etibarlı müdafiəsi var, Moskva bütün bunları görür və cavab verməyə hazırdır.

Ryabkov sonra NATO-nu təxribatçılıqda ittiham edib. "Biz həqiqətən də, Qara dəniz regionundakı vəziyyətdən narahatıq, bu ABŞ, onun NATO üzrə müttəfiqləri və bu dövlətlərin regiondakı bəzi müştərilərinin ardı-arası kəsilməyən təxribatlarının növbəti mərhələsidir", – deyə o jurnalistlərə bildirib.

Teqlər