Noy 22, 2021 12:53 Asia/Baku
  • Rusiya-Ukrayna müharibəsi başlayır? 

Rusiyanın Ukraynaya qarşı hücuma hazırlaşması barədə iddialar var.

SəhərAzəri-nin verdiyi məlumata görə, Rusiya Ukrayna ilə sərhədə texnika yığmağa davam edir. 

Məlumatda deyilir ki, Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb. Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.

İlkin təəssürat bundan ibarətdir ki, Rusiya hərbi gücü ilə Ukraynanı qorxutmağa çalışır ki, əgər Ukrayna ordusu Donbasa daxil olsa, rus ordusu da tərəddüd etmədən ora daxil olacaq. Bu da iki ölkə arasında müharibəyə gətirib çıxara bilər.

Qeyd edək ki, Rusiya Donbasda yaşayanlara rus pasportları paylayıb. Bu isə o deməkdir ki, orada yaşayanlara bir şey olsa, Rusiya müdafiəçi adı altında ora daxil ola bilər. Buna baxmayaraq, Ukrayna öz ərazilərini bərpa etməyə çalışır və Donbas Ukrayna üçün əsas məsələdir. Ukraynada anlayırlar ki, ərazi bütövlüyünü təmin etmədən Ukraynanın bütövlüyünün inkişafını təmin etmək çətin olacaq. Ancaq qarşı tərəf yəni Rusiya Ukraynadakı maraqlarından geri çəkilmək niyyətində deyildir. Son zamanlar Ukraynanın Donbas ərazisində bir sıra hərbi əməliyyatlar keçirməsi, hətta Bayrakdar PUA-larından istifadə etməsi Rusiyanı çox narahat edib. Kremldə düşünürlər ki, bu genişmiqyaslı hərbi əməliyyatlara hazırlıqdır. O səbəbdəndir ki, Rusiya Ukrayna sərhədlərinə çoxlu sayda hərbi texnika və əsgər toplayıb. 

Teqlər