Avropada icbari vaksinasiyaya təkid
Avropa Komissiyasının sədri bu qitədə koronanın «omikron» adlı yeni və təhlükəli ştammının yayılmasına görə, Avropada korona vaksinasiyasının icbariləşdirilməsinə təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Ursula fon der Lyayen dünən bildirib ki, Avropa Birliyi elə indidən koronanın icbari vaksinasiyası barədə danışıqlara başlamalıdır.
«Yeni «omikron» ştammı nigaranedicidir»- deyən Avropa Komissiyasının sədri qeyd edib ki, hələ Avropa vətəndaşlarının üçdə birinə yaxını koronaya qarşı vaksinasiya edilməyib.
Avropa ölkələrinin başlarının koronavirusla mübarizəyə son dərəcə qarışdığı bir halda, «omikron» adlı yeni ştammın meydana gəlməsi xəbəri bu qitənin rəsmiləri üçün yeni bir problem yaradıbdır.
Avropalılar yeni ştammın sürətlə bu qitədə yayılacağından nigarandırlar.
Ümumdünya Səhiyyə Təşkilatı «omikron» ştammını nigaranedici adlandırıb. Xəbərdarlıq edibdir ki, bu yeni ştamm koronavirusun digər ştammlarından daha sürətlə ötürülə bilər.
Ümumdünya Səhiyyə Təşkilatı hələ koronavirusun «omikron» ştammının sirayət miqdarı haqda detalları açıqlamasa da yoluxucu xəstəliklər üzrə bir mütəxəssis ehtimal veribdir ki, bu ştammın sirayət miqdarı delta ştammına nisbətən beş dəfə çox ola bilər.
Bundan qabaq Avropa Profilaktika və Xəstəliklərə Nəzarət Mərkəzi də koronavirusun yeni ştammının təhdidi barədəki məlumatda xəbərdarlıq etmişdi ki, «omikron» bu qitəyə qarşı «çox»dan «daha çox»a qədər olan bir təhlükə sayılır.
Ümumdünya Səhiyyə Təşkilatı ötən cümə günü ilk dəfə olaraq, Cənubi Afrikada müşahidə edilən koronanın yeni ştammına yunan hərfi olan «omikron» adını verdi.