ABŞ Dövlət Departamentinin əməkdaşları sionist rejimin casus proqramı ilə izlənilib
ABŞ Dövlət Departamentinin ən azı doqquz əməkdaşının mobil telefonları sionist rejimin "Pegasus" casus proqramından istifadə edilərək, izlənilib.
SəhərAzəri-nin məlumatına əsasən, "Röyters" xəbər agentliyi bu xəbəri cümə günü axşam 4 məlumatlı amerikalı mənbəyə istinadən yayıb.
Amerikanın "Apple" şirkətinin istehsalı olan bu mobil telefonların izlənilməsi son aylarda baş verib və bu haker hücumları ya Uqandada yerləşən, ya da bu Afrika ölkəsi ilə bağlı məsələlərə diqqət yetirən ABŞ rəsmilərini hədəfə alıb.
Bu, sionist rejimin "Pegasus" adlı casus proqramından istifadə edilərək, ABŞ rəsmilərinin telefonlarının sındırılması ilə bağlı indiyədək aşkarlanmış ən böyük hadisədir.
ABŞ Dövlət Departamenti hələ ki haker hücumu ilə bağlı heç bir reaksiya göstərməyib, "Apple" şirkətinin sözçüsü də bu barədə açıqlama verməkdən imtina edib.
17-dən çox media qurumunun apardığı hərtərəfli araşdırmaya görə, sionist rejimin "NSO" şirkəti tərəfindən istehsal olunan "Pegasus" adlı casus proqramından bütün dünyada yüzlərlə jurnalistin, siyasi və ictimai fəalın, eləcə də siyasətçinin mobil telefonlarından casusluq etmək üçün istifadə edilib.
Sionist rejimin "Pegasus" casus proqramı indiyədək bir neçə ölkəyə, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ-yə satılıb.