Dek 30, 2021 15:15 Asia/Baku
  • Vyana müzakirələri
    Vyana müzakirələri

İrana qarşı sanksiyaların ləğvinə dair Vyana müzakirələrinin səkkizinci raundunun üçüncü günündə iştirakçılar müzakirə prosesini müsbət və irəliyə doğru gedən müzakirə kimi dəyərləndiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İranın müzakirə heyətinin başçısı Əli Baqiri dünən İngiltərə, Fransa və Almaniya heyətlərinin başçıları, həmçinin Avropa Birliyinin xarici fəaliyyət xidməti üzrə baş katib müavini Enrike Mora ilə iki və çoxtərəfli iclaslar keçirib.

İran ilə 4+1 qrupu arasında ekspert iclasları da sanksiyaların ləğvi məsələsi üzərində təmərküzləşmə ilə davam edib. Bu gün də iclaslar elə həmin istiqamətdə davam edəcək.

Məlumatlara görə, danışıqlarda iştirak edən ölkələr arasında ixtilaf nöqtələri öncəki raunda nisbətən azalmaya doğru gedib və müzakirələr prosesi daha rəvan olubdur.

Baqiri dünən gecə qarşı tərəflərlə iclaslar başa çatdıqdan sonra danışıqlar prosesini müsbət dəyərləndirib. Bildirib ki, danışıqlar yaxşı irəliləyir.

Rusiyanın Vyana müzakirələrindəki nümayəndəsi Mixail Ulyanov da deyibdir ki, İran istisna olmaqla nüvə anlaşması tərəfləri amerikalı heyətlə görüşdə müzakirələrin müsbət prosesindən razılıq ediblər.

İranın müzakirə heyəti müzakirələrin bu raundunda biri sanksiyaların təsirli ləğvi, digəri isə İranın nüvə öhdəlikləri barədə olan iki yeni ilkin mətn təqdim edib. Onlara əsasən, nüvə öhdəliklərinin yerinə yetirilməsi İrana qarşı zalımcasına sanksiyaların ləğvindən asılı olacaq.

İranın müzakirə heyətinin əsas tələblərindən biri, Amerika tərəfindən lazımi zəmanətlərin verilməsidir.

 

Teqlər