Yan 05, 2022 11:44 Asia/Baku
  • Xalq üsyanı davam edir; Nazarbayevin istefası tələb olunur-Yenilənir

Qazaxıstanda xalq üsyanı davam edir; Nazarbayevin istefası tələb olunur. Almatıda şəhər meriyası yandırıldı.

SəhərAzəri-nin məlumatına əsasən, yanvarın 5-də günorta Almatıda etirazçılar meriya binasına daxil olublar və binanı yandırıblar. Eyni zamanda, şəhər prokurorluğu ələ keçirilib, orada da yanğın baş verib.

Yerli KİV-lərin məlumatına görə, etirazçılar armatur, çubuq və qalxanlarla silahlanıblar. Meriya binası qarşısında polislə qarşıdurma davam edir. Binaya minlərlə insan hücum edib. Polis səs qumbaralarından istifadə edib, amma bu, kömək etməyib.

Bundan əlavə minlərlə etirazçı Qazaxıstan prezidentinin Almatıdakı iqamətgahını ələ keçirib. Onlar həmçinin hakim "Nur Otan" ("Vətən işığı") partiyasının binasını ələ keçiriblər və yandırıblar. Bu partiya Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən qurulub.

Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-də Manqistau vilayətinin Janaozen və ölkənin cənub-qərbində yerləşən Aktau şəhərlərində başlayıb, burada sakinlər yanacağın yüksək qiymətlərinə qarşı aksiya keçirib. İki gün sonra isə  Almatıda ölkənin şərqində iğtişaşlar başlayıb.Polis aksiyanı dağitmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Daxil olan məlumatlara əsasən, etirazlar iri şəhərlərdən daha birinə-Kustanaya sıçrayıb. Telegram-kanallarda yayılan görüntülərə əsasən polis etirazların qarşısını almaq üçün Kustanaya gedən yolu bağlayıb. Digər kadrlarda Almatıda yanan maşınlar görürnür. Kadrlara əsasən alova bürünmüş bir neçə avtomobil yolun ortasında qalıb, şəhərin mərkəzini tüstü bürüyüb və görmə çətinləşib. Etirazçılar nümayişlərin dağıdılması üçün nəzərdə tutulan xüsusi texnikanı da ələ keçirib və onun üstünə minərək şəhərin mərkəzinə tərəf hərəkət edirlər.

Etirazların başladığı Janaozen şəhərində isə fəallar hakimiyyət qarşısında beş tələb qoyub. Bu tələblərə əsasən Qazaxıstanda rejim dəyişməli, vilayət rəhbərlərinin (hakimlərin) xalq tərəfindən azad seçkilərlə birbaşa seçilməsi təmin olunmalı, 1993-cü il Konstitusiyası bərpa edilməli, hakimiyyətə indiki sistemlə əlaqəsi olmayan yeni adam gəlməlidir.

Habelə Janaozendə və digər şəhərlərdə etirazçılar vaxtaşırı olaraq “Qoca, get!” şüarları səsləndirirlər. “Qoca” isə Qazaxıstanın keçmiş prezidenti və Təhlükəsizlik Şurasının indiki ömürlük katibi Nursultan Nazarbayevdir. Etirazçılar Nursultan Nazarbayevin siyasətdən getməsini tələb edirlər. 

Bu arada Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət elan edilib. Bu barədə ölkə prezidenti Kasım-Jomard Tokayev fərman imzalayıb. 

Məlumata görə, fövqəladə vəziyyət yanvarın 5-dən 19-dək davam edəcək.

Teqlər