Yan 08, 2022 11:29 Asia/Baku
  • Almatı şəhərinin mərkəzində yenidən atışma başlayıb - YENİLƏNİR

Qazaxıstanın Almatı şəhərində yenidən atışma başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, atışma şəhərin mərkəzində baş verir. Şəhərin digər hissələrində vəziyyətin nisbətən sakit olduğu deyilir.

Məlumatda deyilir ki, şəhər əhalisi şübhəli insan qruplarını müəyyən etməkdə polisə kömək edir. Yaraqlı dəstələr kiçik meydanlarda, parklarda gizlənirlər. Güclü duman polisin işini çətinləşdirir. 

Saxlanılanların və öldürülənlərin dəqiq sayı məlum deyil. Amma təxmini məlumatlara görə etirazların başlandığı gündən indiyədək  4 mindən çox adam tutulub, şəhər morqlarının meyitlərlə dolu olduğu bildirilir.

Bu arada KTMT kontingenti adı altında Rusiya desant qoşunlarının da Qazaxıstana yeridilməsi davam etdirilir. Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata görə İvanovsk  vilayətində hava-desant qoşunlarının və onların texnikasının Qazaxıstana göndərilmək üçün  İl-76 təyyarələrinə yüklənməsi davam edir. Gün ərzində 20 reys həyata keçirilməsi nəzərdə tutulur. 

Digər tərəfdən Qazaxıstandan rus desantçılarının mülki sakinlərə, heç bir silah daşımayan və hətta etiraz aksiyalarında belə iştirak etməyən dinc insanlara atəş açıb öldürdüyünə dair çoxsaylı məlumatlar daxil olur.

Şahidlərdən biri deyib ki, öldürülənlərin meyitləri və yaralılar köməksiz halda səhərə qədər küçədə qalıb. Səhərə yaxın onlarla təcili yardım maşını gələrək meyitləri morqa aparıb.

Qazaxıstanda vəziyyətin gərginləşməsi fonunda Fransada olan keçmiş bankir və keçmiş energetika naziri Muxtar Ablyazov özünü ölkəni bürümüş indiki etirazların lideri elan edib. O, öz açıqlamasında Qərbi situasiyaya müdaxilə etməyə və Putinə Qazaxıstanı ikinci Belarusa çevirməyə imkan verməməyə çağırıb.

Bundan əlavə bir qrup etirazçı “Qazaxıstan Azadlıq Cəbhəsi” adlı silahlı dəstənin yaradıldığını elan edib. Qrup rəhbərləri Qazaxıstan xalqına videoformatda müraciət ediblər.

Onlar məqsədlərini ölkədəki KTMT qüvvələrinə qarşı mübarizə və ölkənin azad edilməsi adlandırıblar.

Onlar həmçinin müstəqil üsyançı qruplar yaratmağa və təhlükəsizlik qüvvələrinə hücumlar təşkil etməyə çağırıblar.

Teqlər