Yan 11, 2022 09:11 Asia/Baku

Qazaxıstan prezidenti son günlər ölkəni bürümüş iğtişaçların törətdiyi ziyanlar barədə xalqa məlumat verib və KTMT qüvvələrinin tezliklə Qazaxıstanı tərk edəcəklərinə söz verib.

SəhərAzəri-nin məlumatına əsasən, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib ki, Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində dəyən iqtisadi zərər 2-3 milyard dollar təşkil edir.

Tokayev qeyd edib ki, iğtişaşlar nəticəsində bir çox hüquq-mühafizə orqanının əməkdaşları və dinc sakinlər qurban gedib, 1 300-ə yaxın sahibkarlıq obyektinə ziyan dəyib, 100-dən artıq ticarət mərkəzi və bank qarət olunub, 500-ə yaxın polis avtomobili yandırılıb.

 

Dövlət başçısının sözlərinə görə, Qazaxıatana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb.

Tokayev baş verən hadisələr fonunda Qazaxıstan milli təhlükəsizlik sxeminin yenidən formalaşdırılmasını, ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlıların yaradılmasəını və sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmasını qarşıdakı planlardan adlandırıb. 

O həmçinin KTMT qüvvələrinin Qazaxıstana gətirilməsi ilə əlaqədar yaranmış narahatlıqlara cavab olaraq deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb.

Qeyd edək ki, Qazaxıstanda etirazlar 2022-ci ilin ilk günlərində maye qazın qiymətinin qaldırılmasından sonra başlayıb. Ardınca siyasi narazılıqla müşayiət olunan şikayətlər daha geniş vüsət alıb.

Olayların kritik həddə çatması və ölkənin ən iri şəhəri sayılan Almatının faktiki olaraq iğtişaşçıların nəzarətinə keçməsi ilə Qazaxıstan prezidenti Tokayev problemin arxasında xaricdə təlim keçmiş "terrorçu dəstələrin" durduğunu deyərək, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kömək istəyib.

Qazaxıstanın hüquq-mühafizə orqanları bildirirlər ki, ölkədə baş verən iğtişaşlarla bağlı 10 minə yaxın adam saxlanılıb. 

Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir ki, hüquq-mühafizə orqanları 9900 nəfəri həbs edib.

Teqlər