Yan 25, 2022 13:04 Asia/Baku
  • Ukrayna məsələsində ABŞ qızışdırıcı rol oynayır

Politoloq Tofiq Abbasova görə, ABŞ psixoloji cəhətdən Rusiyaya zərbə endirmək və dünya birliyini öz tərəfinə çəkmək üçün, Ukrayna məsələsində qızışdırıcı rol oynayır.

SəhərAzəri-nin məlumatına əsasən,Axar.az-a müsahibəsində politoliq Tofiq Abbasov deyib ki, Vaşinqtonun əsas hücum potensialı informasiya dalğasıdır:

“Qərb institutları Ukrayna ətrafında gərgin vəziyyət yaratmaq üçün gecə-gündüz çalışırlar. ABŞ-ın öz diplomatlarını Ukraynadan çıxarma səbəbini isə bu hücumun tərkib hissəsi kimi qiymətləndirirəm.”

 ABŞ-ın Ukrayna uğrunda müharibəyə girməyəcəyini vurğulayan politoloq: “ Onların fikri budur ki, Ukraynadakı qərbpərəst qüvvələr silahlansınlar. ABŞ Ukrayna ordusunu Rusiya ilə üz-üzə qoymağa çalışır. Rusiyanın isə bu informasiya dalğasına cavab olaraq hərbi-texniki hazırlıqlarını gücləndirib”,- deyə bildirib.  

Tofiq Abbasova görə ABŞ-ın qızışdırıcı hərəkətlərinə qarşı Ukrayna açıq toqquşmadan yayınmağı bacarmalıdır. Ona görə ki,əgər açıq toqquşma baş versə, ilk faciəni Ukrayna xalqı yaşayacaq.

Politoloq xatırladıb ki, 2014-cü ildən bəri ABŞ Rusiya ilə Ukrayna arasında yaratdığı böhranı indi qaynar fazasına çatdırmaq istəyir.

T.Abbasov Çində keçiriləcək Qış Olimpiadasından sonra Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı mediada yayılan məlumatlara da öz fikrini bildirib:

“Bunlar saxta məlumatlardır. Rusiya və Ukraynanın marağında olan budur ki, hərbi toqquşma baş verməsin. Burada əlbəttə ki, diplomatlar da işləyir, xüsusi nümayəndələrin təmasları var, Rusiya ilə Kiyev arasında informasiya mübadiləsi gedir. Buna görə də belə düşünürəm ki, müharibə olmayacaq”,- Politoloq Tofiq Abbasov deyib.

Teqlər