Sergey Lavrov:
“Rusiyadan asılı olarsa, müharibə olmayacaq”
Rusiya xarici işlər naziri Sergey Lavrov müharibənin başlaması ehtimalı barədə danışarkən bildirib ki, əgər bu Rusiyadan asılıdırsa, müharibə olmayacaq.
SəhərAzəri-nin Sputnik Azərbaycana istinadən verdiyi məlumata görə, Sergey Lavrov deyib: "Əgər bu Rusiya Federasiyasından asılıdırsa, müharibə olmayacaq. Biz müharibə istəmirik, lakin biz maraqlarımızın kobud şəkildə vurulmasına, maraqlarımızın da diqqətdən kənarda qalmasına imkan verməyəcəyik".
Rusiya XİN rəhbəri qeyd edib ki, "hazırkı mərhələdə biz ABŞ və NATO-dan aldığımız cavabları analiz edirik. Deyə bilərəm ki, ABŞ-ın təqdim etdiyi sənəd diplomatik prosesin getməsi baxımından nümunəvidir, lakin NATO-nun cavabı sanki NATO-nun qürurunu əks etdirir. Mən hətta deyərdim ki, bu sənədi yazanların yerinə utandım. Bundan sonra atılacaq addımlar, veriləcək cavablar Rusiya Prezidenti tərəfindən elan olunacaq”, - XİN başçısı vurğulayıb.
Qeyd edək ki, 2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edirdi.
Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.