Rusiya müharibəyə başladı - yenilənir
Kiyev qanadlı raketlərlə vurulur - TƏCİLİ
Rusiya prezidentinin əmri ilə Ukraynaya qarşı müharibə başlanıb. Dünya dövlətləri Putinin bu hərəkətini pisləyirlər.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Prezidenti Vladimir Putin Donbasda xüsusi əməliyyatın keçirilməsi məqsədilə qərar qəbul edib. Putin bu barədə Rusiya vətəndaşlarına müraciərtində deyib.
O öz müraciətində “Rusiya üçün təhdid yarada biləcək xarici qüvvələri” də hədələyib; bildirib ki, Rusiyanın belə təhdidlərə cavabı ləngiməyəcək və Rusiya hadisələrin istənilən inkişafına hazırdır. Bütün zəruri qərarlar qəbul edilib.
Putin müraciətində “Ukraynanı işğal etmək niyyətlərinin olmadığını” da deməyi unutmayıb.
Bu arada ən son məlumata əsasən, Rusiya ordusu Xarkov istiqamətindən Ukrayna sərhədini keçib.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko isə deyib ki, Kiyev və Xarkova raketlər atılıb.
“Hücum başlandı. İndicə Kiyev və Xarkovdakı hərbi mərkəzə raket zərbələri oldu. Sərhəddə artilleriya atışları gedir. Bu gündən dünyada yeni geosiyasi reallıq yaranıdı. Ya Ukrayna, ya da dünya yeni Hitleri dayandıracaq”, - Geraşenko bildirib.
Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Həmçinin gün ərzində Ukraynanın paytaxtı Kiyevdə həyəcan siqnalı səsləndirilir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı verdiyi açıqlamada elan edib:“Bu gün, fevralın 24-də saat 05:00-da Rusiya Silahlı Qüvvələri ölkənin şərqində yerləşən bölmələrimizi intensiv atəşə tutub. Aerodromlara, Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə raket və bombalı hücumlar həyata keçirib. Eyni zamanda, təcavüzkar ölkənin ordusu Ukraynanın dövlət sərhədi boyu ərazisini və yaşayış məntəqələrini atəşə tutmağa başlayıb”.
Ukraynanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti isə Luqansk vilayətindəki Melovoye və Qorodişe kəndlərinin Rusiya ordusu tərəfindən işğal olunduğunu bildirib.
Rusiyanın Müdafiə Nazirliyi də hərbi əməliyyatlarla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, "yüksək dəqiqlikli silahlar vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin hərbi infrastrukturu, hava hücumundan müdafiə vasitələri, hərbi aerodromları, aviasiyası sıradan çıxarlır."
Hücumların başlanmasından dərhal sonra ABŞ prezidenti bəyanat yayıb. Co Bayden yazılı müraciətdə qeyd edib ki, Amerika Birləşmiş Ştatları, müttəfiqləri və tərəfdaşları qəti şəkildə cavab verəcək. Bayden deyib ki, cümə axşamı Vaşinqtonla müttəfiqlərinin Rusiyaya qarşı gələcək tədbirlərini elan etmək üçün müraciət edəcək.