Ukrayna paytaxtı hər an süqut edə bilər
Son durum: Kiyevə raket zərbələri endirilir
Yüzlərlə Rusiya tankının Ukrayna paytaxtına doğru hərəkət etdiyi bildirilir.
SəhərAzəri-nin məlumatına əsasən, bu gün yerli vaxtla saat 4.22-də Kiyevdə bir neçə güclü partlayış səsləri eşdilib. Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Rusiya paytaxta qanadlı və ballistik raketlərlə zərbələr endirir. Kiyevin Troeşina rayonunda 6 partlayış qeydə alınıb, şəhərin digər rayonlarına da zərbələr endirilir, hədəfin hansı obyektlər olduğu hələ bəlli deyil.
Habelə ötən gün axşam saatlarında Rusiya qüvvələri Sum vilayətinin Konotop şəhərini mühasirəyə alıblar və Kiyevə doğru hərəkətə başlayıblar. Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib ki, olduqca çox sayda Rusiya hərbi texnikası Sum şəhərindən keçərək qərb istiqamətində irəliləyir. Konotop şəhəri mühasirəyə alınıb, Axtırka şəhəri azsaylı qüvvələrlə iki dəfə düşmənin hücumunu dəf edib. “Əli silah tutan hər kəsə müraciət edirəm, düşməni doğma torpağımızda qarşılayın”,- deyə vilayət rəhbəri bildirib.
Ukrayna quru qoşunlarının Komandanlığının dünən gecə yaydığı bəyanatda bildirilir ki, Rusiya sərhədə cəmləşdirdiyi 90 batalyon-taktiki qruplaşmasının 60-dan çoxunu Ukrayna ərazisinə yeridib. O cümlədən Belarus istiqamətindən batalyonlar daxil olub. Bəyanata görə Rusiyanın məkrli planının əsas hədəfi Kiyevi mühasirəyə almaq, Krıma və Dnestryanı bölgəyə quru dəhlizi açmaqdır.