Ukraynada müharibənin 12-ci günü
Rusiya Ukraynanı yeni hücumlarla hədələyir
Rusiya Ukraynanın hərbi sənaye kompleksi müəssisələrini zərbələrlə hədələyərək şəxsi heyəti “həyat təhlükəsi” barədə xəbərdar edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, hücumlar “Ukraynanın tərksilahına dair tapşırığın həyata keçirilməsi” çərçivəsində “yüksək dəqiqlikli silahlardan” istifadə edilməklə həyata keçiriləcək.
Toqquşmaların geniş vüsət alması ilə Britaniya döyüşçülərindən ibarət ilk könüllü dəstənin Rusiya hərbçilərinə qarşı döyüşmək üçün Ukraynaya daxil olduğu xəbər verilir.
Rusiya onları muzdlu qüvvələr adlandırır və bu barədə Qərb dövlətlərinə xəbərdarlıq edir. Britaniyanın özündə də hakimiyyət orqanları bu məsələyə görə təlaş içərisindədirlər və Moskvanı inandırmağa çalışırlar ki, döyüşçülər özbaşına Ukraynaya yola düşüblər.
Qeyd edək ki, bundan öncə Ukrayna rəsmiləri dünyanın 52 ölkəsindən könüllülərin Rusiyaya qarşı döyüşmək üçün müraciət etdiyini bildirmişdi.
Bu arada ABŞ-ın dövlət katibi Entoni Blinken CBS News telekanalı ilə müsahibədə "Rusiya hərbçiləri tərəfindən Zelenski öldürülərsə, Ukraynada nə baş verəcək?" sualına belə cavab verib: "Ukraynalıların öz planları var, mən bu barədə danışmayacağam və təfərrüatlara varmayacağam. Prezidentin öldürüləcəyi təqdirdə hakimiyyətin fasiləsizliyinin təmin edilməsi planı var",- deyə Blinken deyib.
Eyni zamanda dövlət katibi ümid etdiyini bildirib ki, Putin "uduzmağa məhkumdur".
Onun sözlərinə görə, şəhəri götürmək Ukrayna xalqının qəlbinin və ağlının fəth edilməsi demək deyil.
ABŞ dövlət katibi həmçinin təsdiq edib ki, Birləşmiş Ştatlar Polşa ilə Ukraynaya Polşanın döyüş təyyarələrinin verilməsini və Polşaya bu təyyarələrin əvəzinə Amerikanın qırıcı təyyarələrinin tədarükü barədə müzakirələr aparır.