ABŞ Rusiyaya qarşı sərtləşir
Putin hərbi cinayətkar adlandırıldı, Ukraynaya yardım təsdiqləndi
ABŞ Senatı Rusiyaya qarşı aqressiyasını gücləndirərək bu ölkə prezidenti Vladimir Putin barəsində hərbi cinayətkar kimi istintaq aparılmasını tələb edən qətnaməni yekdilliklə qəbul edib.
SəhərAzəri-nin məlumatına əsasən, qətnamə respublikaçı senator Lindsi Qrem tərəfindən təklif edilib və hər iki partiyanın senatorları tərəfindən dəstəklənib.
Qeyd olunub ki, ABŞ Senatı Vladimir Putinin rəhbərliyində Rusiya Silahlı Qüvvələrinin törətdiyi zorakılıq, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətləri qətiyyətlə pisləyir.
Qətnamə Haaqa Beynəlxalq Cinayət Məhkəməsini və digər ölkələri Rusiyanın Ukraynaya hücumu zamanı törətdiyi hərbi cinayətlərlə bağlı Rusiya Prezidenti Vladimir Putin, onun ətrafı, o cümlədən Rusiya hərbçiləri barədə araşdırma aparmağa çağırır.
ABŞ Prezidenti Co Bayden isə Ukraynaya 13,6 milyard dollar həcmində yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasında 13,6 milyard dollar məbləğində yardım edilməsi dəstəklənib.
Bu məbləğin 6,5 milyard dolları Pentaqona Ukraynaya hərbi yardım üçün ayrılacaq.