Ukraynanın Müdafiə Nazirliyi Rusiyanın yeni tələfatı barədə məlumat yaydı
1 təyyarə, 6 PUA, 2 helikopter və14 tank məhv edilib
Ukraynanın Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı operativ informasiya yayıb.
SəhərAzəri-nin məlumatına əsasən, nazirliyin məlumatında deyilir ki, Rusiyanın daha 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankının məhv edilib.
Nazirlikdən həmçinin bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.
“Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib və müəyyən ərazilərdə uğur qazanıb. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib. Həmçinin Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub. Son sutkada rus təyyarələrinin daha fəal hərəkəti müşahidə olunur”, - deyə rəsmi məlumatda vurğulanıb.
Müdafiə Nazirliyindən qeyd olunub ki, Ukrayna ərazisindəki Rusiya qoşunlarının təminatı o qədər də yaxşı deyil: “Ruslar Belarus Silahlı Qüvvələrini müharibəyə cəlb etməkdən ötrü aqressiv təbliğatı davam etdirirlər. Sumı vilayətinin Oxtırka rayonunda rus hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın rus hərbçisi komandirlərinin tapşırıqlarını yerinə yetirməkdən imtina edib. Onlar 70 texnika ilə əməliyyat zonasını tərk ediblər. Ruslar Donetsk və Luqansk istiqamətlərində irəliləmək və möhkəmlənmək cəhdlərini davam etdirir. Lakin bu səylər nəticəsiz qalır”.
Ukrayna mənbələrinin digər bir məlumatına görə Kiyev vilayətinin Makarov şəhəri də işğalçılardan tam azad edilib.
Bundan əlavə, Nikolayev istiqamətində də Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçərək rusları geri çəkilməyə məcbur edib.
Bu arada Kiyevin atəşə tutulması nəticəsində 65 vətəndaş həlak olub, 300-ə yaxın insan yaralanıb.
Kiyev meri Vitali Kliçko deyib ki, işğalçılar bir neçə gün ərzində Kiyevi ələ keçirməyi planlaşdırıblar, buna nail ola bilməyiblər, buna görə də gücsüzlükdən dinc sakinlərin evlərini bombalamağa başlayıblar.