May 17, 2022 10:45 Asia/Baku
  • Baltik dənizində nüvə gərginliyinin yaranması istisna edilmir

Rusiya hökuməti xəbərdarlıq edib ki, İsveçin hakim NATO-ya üzvlük üçün müraciətinə müsbət cavab veriləcəyi təqdirdə bu ölkə ərazisində nüvə silahı və hərbi bazaların yerləşdirilməsinə qarşı müvafiq tədbirlər görüləcəkdir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın Xarici İşlər Nazirliyi bununla bağlı yaydığı bəyanatda bildirib: İsveç NATO-ya daxil olduqdan sonra Rusiya hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacaq.

Məlumatda qeyd olunur ki, konkret tədbirlər alyansın zərbə silahlarının İsveç ərazisində yerləşdirilməsi perspektivlərindən asılı olacaq:

“Rusiya Federasiyası bununla bağlı milli təhlükəsizliyinə yaranan təhdidləri dayandırmaq üçün həm hərbi-texniki, həm də digər xarakterli cavab addımları atmağa məcbur olacaq”.

Daha sonra məlumatda bildirilir ki, "çox şey İsveçin Şimali Atlantika Alyansına inteqrasiyası üçün konkret şərtlərdən, o cümlədən bu hərbi blokun zərbə silah sistemlərinin İsveç ərazisində yerləşdirilməsi perspektivindən asılı olacaq”.

Xatırladaq ki, ötən bazar İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb.

Ölkənin baş naziri Maqdalena Andersson bildirib ki, NATO-ya üzv olmaq ölkənin və İsveç xalqının təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Bazar günü Finlandiya da rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmaq qərarına gəlib.

KİV-in məlumatına görə, İsveç hökuməti artıq NATO-ya ərizə məktubu hazırlayıb və sənədin Finlandiya ilə eyni vaxtda quruma göndərilməsi planlaşdırılır.

Sputnik Xəbər Agentliyi hesab edir ki, Alyansın genişlənməsinin real nəticəsi Şimali Avropa ölkələrinin təhlükəsizliyinin əhəmiyyətli dərəcədə azalması olacaq. Zira Moskva Kalininqraddan Murmanska, Baltik dənizindən Barens dənizinə qədər əraziyə yeni hərbi birləşmələr və yüksək texnologiyalı zərbə silahları yerləşdirməklə cavab verməyə məcburdur.

Finlandiya və İsveç NATO ilə çoxdan və sıx əməkdaşlıq edir və bu gün onlar dövlətin neytrallığı və suverenliyinin qalıqlarını ABŞ maraqlarına qurban verməyə hazırdırlar.

Agentliyin məqaləsində qeyd olunur ki, Moskva heç kimə cəzasız olaraq Rusiya sərhədləri yaxınlığında hərbi təhlükə yaratmağa icazə verməyəcək. Nüvə gərginliyinin yaranmasının mümkünlüyü istisna edilmir.

Teqlər