Rusiya hərəkətə keçdi
Finlandiyaya qaz tədarükünə xitam verildi
Finlandiyanın NATO-ya qoşulmaq barədə rəsmi şəkildə ərizə təqdim etməsinin ardınca Rusiya qonşu ölkənin cəzalandırımasına başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Finlandiyaya elektrik enerjisinin verilməsinə son qoyulduqdan sonra indi növbə qaz təchizatının ləğvinə çatıb. Belə ki, Rusiya tərəfi Finlandiyaya qazın nəqli dayandırıb
Cümə günü həm Finlandiya, həm də Rusiya enerji şirkətləri bu xəbəri təsdiqləyiblər. Bununla belə Finlandiyanın “Gasgrid Finland” şirkətinin məlumatında deyilir ki, hazırda ölkənin qaz sistemi sabitdir.
Xatırladaq ki, daha əvvəl “Gazprom Export” şirkəti Finlandiyanın “Gasum” dövlət şirkəti ilə müqavilə üzrə qaz nəqlini mayın 21-dən etibarən dayandırılacağını açıqlamışdı. Buna səbəb Finlandiya tərəfinin aprel ayında nəql edilmiş qaza görə ödəniş etməməsi və rubl ilə ödəniş etməkdən imtina etməsidir. Lakin qazın nəqlinin dayandırılmasında Finlandiyanın NATO-ya üzvlük haqda ərizə təqdim etməsi bu məsələdə xüsusi rol oynayır.
Vaşinqtonda Dövlət Departamentinin sözçüsü bu addımı tənqid edərək bildirib ki, “bu, Rusiyanın enerjidən silah kimi istifadə etmək üçün ilk cəhdi deyil”.
Ned Prays gündəlik brifinq zamanı deyib: "Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışırıq ki, Rusiya gələcəkdə onun enerji mənbələrindən istifadə edən ölkələri girov saxlaya bilməsin".