ABŞ Rusiyanın reaksiyasından ehtiyatlanır
Ukraynaya Rusiya ərazisini vurmağa imkan verən raketlər verilməyəcək
Amerika prezidenti bəyan edib ki, onun ölkəsi Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raketlər göndərməyəcək.
SəhərAzəri-nin məlumatına əsasən, Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahlarını ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.
Bundan əvvəl “New York Times” məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Ağ Ev Ukraynaya atəş məsafəsi 500 km-ə çata bilən qurğuları göndərmək qərarına gəlib.
Digər tərəfdən ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mark Milli deyib ki, Ukraynada müharibənin şiddətlənməsi mümkündür və qarşıdakı bir neçə həftə müharibənin sonrakı gedişatını müəyyən edə bilər.
“Hesab edirəm ki, eskalasiya ehtimalı həmişə var. Bu ehtimalı idarə etməli, qiymətləndirməliyik və biz bunu edirik”, - deyə o bildirib.
General Birləşmiş Ştatlarn müdafiə naziri Lloyd Ostinin Ukraynanın müdafiə naziri ilə mütəmadi əlaqə saxladığını vurğulayıb və deyib: "Gərginliyi idarə etmək və onun indi olduğundan daha dəhşətli duruma çevrilməsinin qarşısını almaq vacibdir. Hazırda Ukraynanın şərqində yerli ordu birləşmələri ilə rus hərbçiləri arasında taktiki döyüşlər gedir. Qarşıdakı bir neçə həftə müharibənin gələcək inkişaf istiqamətini müəyyən edəcək".
Bu arada ABŞ prezidenti Co Baydenin son açıqlamasına cavab olaraq Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, əgər Bayden administrasiyası Kiyevi çoxsaylı reaktiv raket sistemləri ilə təmin etməsə, Ukrayna ABŞ-a "nümunəvi isteriya" nümayiş etdirəcək.
"Komplekslərlə bağlı qərar yaxın vaxtlarda veriləcək və onların təhvil verilib-verilməyəcəyini anlayacağıq. Əgər verməsələr, nümunəvi isteriya təşkil edəcəyik", - deyə Arestoviç bildirib.
Müşahidələrə görə, Qərb Ukraynaya daha çox müdafiə silahları verir. Rəsmi Kiyev Qərbdən ağır silahlar tələb edir. Ancaq Qərb Ukraynaya ağır silahlar verməyə tələsmir. ABŞ prezidenti Co Bayden isə açıq şəkildə deyir ki, Amerika Ukraynaya Rusiya ərazisində ciddi dağıntılar törədə biləcək raket sistemləri vermək fikrində deyil.