İyun 27, 2022 17:03 Asia/Baku
  • Ukrayna özü münaqişənin necə həll olunmasını təyin etsin!

G7 ölkələrinin liderləri Ukraynaya dəstək haqqında birgə bəyanat qəbul ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, liderlər bildiriblər ki, G7 ölkələri Ukraynanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.

Sənəddə deyilir ki, Ukraynanın özü kənardan təzyiq olmadan sülh yolu ilə nizamlanma barədə qərar verməlidir.

Ukraynada baş verən hadisələr fonunda “Yeddilik” 2022-ci ildə humanitar yardım kimi 2,8 milyard dollardan çox vəsait ayrılacağını açıqlayıb. G7 həmçinin Kiyev tərəfindən hazırlanıb həyata keçirilən Ukrayna üçün beynəlxalq bərpa planını dəstəkləməyə hazırdır.

G7 ölkələri həmçinin Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi qərarını alqışlayırlar.

Bəyanatın davamında G7 liderləri Rusiyanı kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin Ukrayna limanlarından sərbəst keçməsinə zəmanət verməyə çağırıblar.

O da qeyd olunub ki, G7 üzvləri Ukrayna ilə məlumat mübadiləsi, kəşfiyyat, informasiya və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyə hazırdırlar. Bundan əlavə, G7 Ukraynanı taxıl, neft və digər kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında dəstəkləməkdə qərarlıdır.

Teqlər