Madrid sammiti ABŞ-ın təsiri altında bəyanat qəbul edib
NATO Rusiyanı ən böyük təhlükə adlandırdı
Madriddə keçirilən NATO sammitində Rusiya NATO üzvlərinin sülh və təhlükəsizliyinə "ən ciddi və birbaşa təhlükə" elan edilib.
SəhərAzəri-nin məlumatına əsasən, bu barədə sammitin yekunlarına dair bəyanatda deyilir. Sənəddə Moskvanın strateji tərəfdaşdan təhlükəyə çevrildiyi vurğulanır.
NATO liderləri Rusiyanın hücumuna qarşı mübarizə aparan Ukraynaya “siyasi və praktiki dəstəyi artırmağa” söz veriblər. Onlar həmçinin rəsmi olaraq Finlandiya və İsveçi alyansa üzv olmağa dəvət ediblər.
NATO-nun yeni Strateji Konsepsiyası NATO-nun 2021-ci il sammitində qəbul edilmiş NATO-nun 2030-cu ilə qədərki gündəliyinə uyğun dəyişiklikləri əks etdirir. Orada həmçinin NATO-nun çəkindirmə və müdafiə, böhranların qarşısının alınması və idarə olunması, birgə təhlükəsizlik kimi əsas vəzifələri əksini tapıb.
Sammitdə liderlər quru, hava, dəniz, kiberməkan və kosmosu əhatə edən yeni müdafiə konsepsiyasını, həmçinin alyansın şərq cinahında döyüş qabiliyyətinin gücləndirilməsini təsdiqləyiblər.
Müttəfiqlər həmçinin Bosniya və Herseqovina, Gürcüstan və Moldovanın müdafiə ehtiyaclarına dair genişləndirilmiş dəstək proqramlarını təsdiqləyiblər.
Digər tərəfdən NATO liderləri Ukrayna üçün təhlükəsiz rabitə, yanacaq, tibbi ləvazimatlar, zirehlər, minalarla mübarizə üçün avadanlıqlar, kimyəvi və bioloji təhdidlər və yüzlərlə portativ pilotsuz uçuş aparatlarından müdafiə sistemlərini əhatə edən hərtərəfli yardım paketi haqqında razılığa gəliblər.
“Biz öz ölkəsinin qəhrəmancasına müdafiəsində Ukrayna hökuməti və xalqı ilə tam həmrəyik”, - deyə liderlərin yaydıqları bəyanatda vurğulanır.