Fikir ayrılıqları G20 qrupunun xarici işlər nazilərinin görüşünə ağır kölgə salıb
İndoneziyanın Bali şəhərində G 20 qrupu ölkələrinin xarici işlər nazirlərinin toplantısı elə bir halda rəsmi şəkildə başlayıb ki, iştirakçı ölkələr arasında fikir ayrılıqlarının ciddiliyi səbəbindən iclasın yekununda fotonun və birgə bəyanatın dərc olunmayacağı gözlənilir.
SəhərAzəri-nin məlumatına əsasən, G-20 adlandırılan 20-lik Qrup, Avropa İttifaqı ilə yanaşı, dünyanın 19 ən böyük iqtisadiyyatının maliyyə nazirləri və mərkəzi bank rəhbərlərindən ibarət qrupdur ki, qlobal iqtisadiyyatın 85 faizini və dünya əhalisinin üçdən ikisini təşkil edir.
Cənubi Koreyanın "Arirang" xəbər portalının məlumatına görə, 20-lik qrupunun xarici işlər nazirlərinin toplantısı dünən İndoneziyanın Bali şəhərində başlayıb. İclasda iqlim dəyişikliyi, dünyada ərzaq böhranı və Ukraynadakı müharibə kimi bir çox məsələlər müzakirə olunacaq.
G20 toplantısından dərc olunan məlumatlar göstərir ki, Ukraynadakı müharibə ilə bağlı iştirakçılar arasında gərginlik yaşana bilər.
Dünənki mərasimdə və G20 nazirlərinin toplantısının əvvəlində İndoneziyanın xarici işlər naziri Retno Marsudi vurğulayıb ki, G20 ölkələrinin Ukraynadakı müharibəni bitirmək üçün məsuliyyəti fikir ayrılıqlarını döyüş meydanında deyil, danışıqlar masası arxasında həll etməkdir".
G20 xarici işlər nazirlərinin toplantısı iki sessiyaya bölünür.
Birinci sessiya çoxtərəfliliyin gücləndirilməsi, ikinci sessiya isə ərzaq və enerji təhlükəsizliyi üzrədir.
Bu, Ukraynada müharibə başlayandan bəri ilk dəfədir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov çoxtərəfli görüşə qatılır.
Lavrov görüşdən əvvəl jurnalistlərə bildirib ki, Qərb Ukraynanın sülh prosesində iştirakına icazə vermir və bu, Moskva üçün qəbuledilməzdir.
Rusiya xarici işlər naziri, həmçinin əlavə edib: G20 toplantısında qərbli iştirakçıların əsas diqqəti iqtisadi problemləri həll etməyə deyil, Moskvanı tənqid etməyə yönəlib.