Baydenin İrana qarşı düşmən mövqeyi
Amerika prezidenti “Vaşinqton Post” qəzetinə verdiyi müsahibədə ABŞ-ın İranın nüvə anlaşmasına qayıtmasına qədər ona qarşı diplomatik və iqtisadi təzyiqlərini davam etdirəcəyini iddia edib.
SəhərAzəri-nin məlumatına əsasən, İran qarşısında diplomatik yanaşmada olduğu və nüvə anlaşmasına qayıtmaq üçün səy göstərdiyini iddia edən Amerika prezidenti Co Baydenin administrasiyası öz xoşməramlılığını göstərmək istiqamətində indiyədək heç bir addım atmayıbdır.
Danışıqlarda iştirak edən ölkələrin böyük əksəriyyəti danışıqların tez bir zamanda yekunlaşdırılmasını istəyir, amma yekun razılaşmanın əldə edilməsi, Amerikanın bir neçə yerdə qalan mühüm və əsas məsələ ilə bağlı siyasi qərarlarını gözləyir.
Amerika prezidenti Co Bayden, Qərbi Asiyaya səfəri ərəfəsində “Vaşinqton Post” qəzetinə verdiyi müsahibədə nüvə müzakirələri ilə bağlı İrana qarşı cəfəngiyyatlar irəli sürüb və iddia edib ki, nüvə anlaşmasına geri dönənə qədər İran təcrid olunmuş vəziyyətdə qalacaq.
Bayden həmçinin iddia edib: Mənim administrasiyam nüvə anlaşmasına qayıtması və öhdəliklərini yerinə yetirməsinə qədər İrana qarşı təzyiqləri artırmağa davam edəcək.
Vaşinqton 2018-ci ilin mayında, Donald Trampın prezidentliyi dövründə, birtərəfli və qanunsuz şəkildə nüvə anlaşmasından çıxdı. Ağ Ev o vaxtdan bəri, nüvə sanksiyalarını geri qaytarmaqdan əlavə, Tehrana qarşı geniş sanksiyalar tətbiq edib, amma Amerikanın hazırkı prezidenti Co Bayden Birləşmiş Ştatları bu anlaşmaya qaytarmağa təmayül göstəribdir. Bununla belə, indiyədək Bayden administrasiyası tərəfindən bu istiqamətdə heç bir real addım atılmayıbdır.
İran İslam Respublikası dəfələrlə vurğulayıbdır ki, bütün sanksiyaların ləğv olunacağı, nüvə anlaşmasının digər tərəflərinin öz öhdəliklərini yerinə yetirəcəkləri və İranın bu anlaşma altındakı mənafelərindən bəhrələnəcəyi halda, nüvə anlaşmasının tam icrasına geri dönəcəkdir.