Çin Cənubi Çin dənizində təlimlərə başlayıb
Çin Ordusu Tayvan ətrafında gərginliyin artması fonunda Cənubi Çin dənizində təlimlərə başlayıb
SəhərAzəri-nin "TAAَS" xəbər agentliyinə istinadlı məlumatına görə, Çinin Dəniz Təhlükəsizliyi Administrasiyası bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda Çin Xalq Azadlıq Ordusu çərşənbə axşamı Cənubi Çin dənizində təlimlərə başlayıb.
Agentliyin açıqlamasında bildirilir: "Avqustun 2-si saat 00:00-dan avqustun 6-sı saat 24:00-a qədər Cənubi Çin dənizinin bir hissəsində hərbi təlimlər keçiriləcək. Koordinatları saytda qeyd olunan həmin əraziyə giriş qadağandır".
Agentlik qeyd edib ki, Çin Xalq Azadlıq Ordusu Bohay körfəzinin şimal hissəsindəki Dalyanda da canlı atəşlə təlimlər keçirir. Göstərilən əraziyə giriş qadağandır.
Bu, Çinin bu günlərdə dənizdə keçirdiyi yeganə təlimlər deyil.
Ötən həftənin cümə günü Çin, Cənubi Çin dənizinin Quanqdonq və Haynan əyalətlərinin sularında dörd sahədə təlimlərə başlayıb.
Şənbə günü Tayvandan boğazla ayrılan Şərqi Fujian əyalətinin sularında canlı atəş təlimləri keçirilib.
ABŞ Konqresinin aşağı palatasının spikerinin Tayvana səfəri, son 25 ildə belə rütbəli amerikalı siyasətçi üçün ilk səfərdir.
Pekin dəfələrlə Amerika tərəfinə xəbərdarlıq edib ki, bu səfər baş tutsa, nəticəsiz keçməyəcək və Çin sərt tədbirlər görəcək. Vaşinqton hesab edir ki, Pekin bu səfərin artıq baş tutduğunu nəzərə alaraq, raket buraxılışları və ya hərbi təlimlər də daxil olmaqla, böhrana səbəb olacaq addımlar ata bilər.