Avq 17, 2022 15:34 Asia/Baku

Rusiyanın “Qazprom” şirkəti xəbərdarlıq edib ki, qışa qədər qaz qiymətləri hazırkı səviyyədən 60 faiz qalxa bilər.

SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, Avropa Rusiya qazının mümkün kəsilməsinə hazırlaşdığı və ölkələr qışdan əvvəl yeraltı qaz anbarını doldurmaq üçün yarışdığı bir vaxtda, qaz fyuçersləri çərşənbə axşamı günü meqavat-saat üçün 234,50 avro ilə yeni rekorda çatdı. 

Rusiyanın Qazprom şirkəti çərşənbə axşamı xəbərdarlıq edib ki, mühafizəkar hesablamalara görə, qışa qədər qiymətlər cari səviyyədən daha 60 faiz qalxa bilər.

Əsas tədarükçüsü Rusiya olan Avropada qaz və enerji daşıyıcılarının çatışmazlığı böhranı Avropa ölkələrinin ən mühüm narahatlığına çevrilib.

Bir çox Qərb ölkələri son illərdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün qalıq yanacaqlardan imtina etməyə çalışdıqlarını iddia etsələr də, Rusiya embarqosunun yaratdığı enerji böhranı ilə üzləşdikdən sonra neft və kömür məhsulları ilə işləyən köhnə elektrik stansiyalarını yenidən açmağa üz tutublar.

Bu arada, Rusiya qazının "Şimal axını-1" boru kəməri ilə Avropaya ixracı hazırda 20 faiz tutumla həyata keçirilir və "Qazprom" bəyan edib ki, onun ixracının azalmasına səbəb iki təzyiq artırıcı turbinin dayanmasıdır.

"Siemens" şirkətinin istehsalı olan bu turbinlərdən biri təmir üçün Kanadanın Monreal şəhərinə göndərilmişdi, lakin Kanada Rusiyaya qarşı sanksiyaları bəhanə edərək, uzun müddət bu turbini geri qaytarmaqdan imtina etdi, amma sonda, Almaniyanın təzyiqi ilə bu turbinin geri qaytarılmasına razılıq verdi. Bir neçə gün sonra Qazprom daha bir turbinin sıradan çıxdığını elan etdi. 

Teqlər