Ukraynanı başına buraxmaq istəyirlər?
Ukrayna ABŞ-ın ehtiyat sursatını azaldıb
Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ Kiyevə genişmiqyaslı hərbi yardım proqramına başlayıb. Ukraynaya verilən silah-sursat birbaşa ABŞ Silahlı Qüvvələrinin inventarından tədarük olunur.
Müdafiə Nazirliyinə (Pentaqon) bağlı dairələr zaman-zaman bunun ABŞ ordusunun döyüş qabiliyyətini zəiflədə biləcəyini əsas gətirərək, Ağ Evin yardım proqramını tənqid edirlər.
ABŞ Silahlı Qüvvələrinin 24 fevral-24 avqust tarixləri arasındakı 6 aylıq müddətdə Ukraynaya 806 min ədəd 155 mm-lik haubitsa sursatı təhvil verdiyini açıqlamasından sonra tənqidlər yenidən artıb.
Bir Pentaqon rəsmisi verdiyi açıqlamada son həftələrdə ABŞ-ın hərbi anbarlarındakı 155 mm-lik haubitsa sursatlarının narahatedici dərəcədə azaldığını iddia edib.
Hazırda 155 mm-lik sursat istehsal edən şirkətlərlə istehsal xətlərini inkişaf etdirmək və yeni xətlər açmaq üçün danışıqlar davam edərkən, şirkətlər artan ehtiyacı ödəmək üçün istehsallarını davam etdirirlər. Amma ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə görə, araşdırmalar ehtiyatları tam doldurmaq üçün hələ kifayət deyil.